Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2018 08:44
  • A-
  • A
  • A+

Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi qeyd olunub

Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi qeyd olunub

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Tədbirdən öncə qonaqlar "Çingiz Aytmatovla dostlarının görüşü" adlı fotosərgiyə baxıblar.

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov çıxış edərək Ç.Aytamatovun 1952-ci ildən etibarən qırğız və rus dillərində ilk əsərlərinin çap olunduğunu, lakin imzasının oxucular arasında Moskva Ali Ədəbiyyat İnstitutunda təhsil almasından sonra tanındığını söyləyib. Qeyd edib ki, Çingiz Aytmatov ən yüksək fəxri adlara və mükafatlara layiq görülüb və SSRİ-də yaşayan bütün xalqların ən sevimli yazıçısına çevrilib.

A.Mamayusupov görkəmli yazıçının ötən əsrin 60-cı illərindən etibarən əsərlərinin dünyanın 76 dilinə tərcümə olunduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yazıçının türk dünyasının ədəbiyyatına bəxş etdiyi töhfələrdən danışıb. Akademik Nobel mükafatı almış bir çox yazıçının Çingiz Aytmatovun əsərlərini heyranlıqla qarşıladığını və ona böyük rəğbət hissi bəslədiklərini söyləyib.

İ.Həbibbəyli yazıçının əsərlərinin Azərbaycan dilinə də tərcümə olunduğunu, bu gün ölkəmizdə hər kəsin Çingiz Aytmatovu mütaliə etdiyini və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda onun yubileyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan-Qırğızıstan dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Musa Quliyev, Xalq şairi Sabir Rüstəmxanlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Usupov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digərləri çıxış edərək yazıçının həyat və yaradıcılığından, zəngin ədəbi irsindən, türk dünyası ədəbiyyatı tarixinə bəxş etdiyi töhfələrdən söz açıblar.

Daha sonra yazıçının ailəsi adından oğlu Askar Aytmatov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda görkəmli yazıçının həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: