Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində çap olunub
21.05.2018 13:47
  • A-
  • A
  • A+

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində çap olunub

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində çapdan çıxıb.

Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq çap olunan kitabın elmi redaktoru institutun Azərbaycanın qədim tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Əlimirzəyev, tərcüməçisi isə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Cabuki Kiriyadır.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmələri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut olunur ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə də həsr olunub. 

Xatırladaq ki, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Azərbaycan, ingilis, rus və ispan dillərində də nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: