Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.05.2018 15:22
  • A-
  • A
  • A+

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar” mövzusunda elmi-praktiki seminar keçirilib

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar” mövzusunda elmi-praktiki seminar keçirilib

Bu gün AMEA-nın Əsas binasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar” mövzusunda elmi-praktiki seminar keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan tədbir AMEA-nın QafqazşünaslıqTorpaqşünaslıq və Aqrokimya institutları və Alimlər Evinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Alimlər Evinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva çıxış edərək bildirib ki, 1918-ci ildə ilk dəfə olaraq müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Çox böyük siyasi və hərbi təzyiqlərə baxmayaraq, Azərbaycanın vətənpərvər oğulları hesabına müstəqillik elan olundu. Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Sonra Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. AXC və müasir Azərbaycanın oxşar və fərqli cəhətlərindən danışan alim Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızda aqrar sahənin inkişafı ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Müsəlman Şəqinin ilk Cümhuriyyəti” mövzusunda məruzəsini təqdim edib. Alim bildirib ki, Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərib. Bu respublika mövcud olduğu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, aqrar və digər sahələrdə mühüm islahatlar həyata keçirib.

Tədbirdə İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə aqrar islahatlar haqqında” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi AXC-nin yaranması  və qurucuları, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, “İstiqlal bəyannaməsi”nin qəbul edilməsi, AXC hökumətinin tərkibi, hökumətin Tiflisdən Gəncəyə, sonra Bakıya köçürülməsi, sonrakı qısa müddət ərzində dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb. O, aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı, xarici ticarət əlaqələrinin qurulması istiqamətindəki görülən işləri xüsusi qeyd edib.

S.Səməndərov AXC-nin elan olunduğu ərəfədə mövcud siyasi, sosial-iqtisadi vəziyyəti, tarixi şəraiti, dövrün mövcud reallıqlarını, milli azadlıq hərakatının əsas xüsusiyyətlərini, xalqın öz müqəddaratını təyin etmək uğrunda apardığı mübarizənin xarakterini təhlil edib.

Seminarda “Heydər Əliyevin aqrar siyasəti” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, bu məqsədlə  aqrar sahədə həyata keçirilən islahatlar, xüsusən onun tərkib hissəsi olan torpaq islahatlarının aparılması, bu istiqamətdə qazanılan uğurlar bilavasitə müdrik dövlət başçısı və dahi siyasi xadim Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hazırda ümummilli lider Heydər Əliyevin aqrar siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və uğurla həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə çoxalır, aqrar bölmənin dinamik inkişafı təmin olunur, regionların sosial-iqtisadi inkişafı məsələlərinə dair dövlət proqramları qəbul edilərək yerinə yetirilir. 

Tədbirdə mövzu ilə bağlı digər çıxış edənlər AXC dövrünün daha dərindən öyrənilərək gələcək nəsillərə çatdırılmasının zəruriliyini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: