Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2018 14:20
  • A-
  • A
  • A+

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda konfrans işə başlayıb

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda konfrans işə başlayıb

Mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə gerçəkləşən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Qazaxıstan, Çex Respublikası, Niderland Krallığı və Estoniyadan 201 alim və tədqiqatçı iştirak edir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ölkə başçısı İlham Əliyevin konfrans iştirakçılarına məktubunu oxuyub.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. O, dövlət başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunduğunu da diqqətə çatdırıb.

İ.Həbibbəyli AXC-nin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin məntiqi davamı kimi çətin şəraitdə yarandığını və qısa müddətdə bütün dövlət strukturlarını, o cümlədən parlamenti formalaşdırdığını, çoxpartiyalı sistem nəticəsində azsaylı xalqların parlamentdə təmsil olunduğunu söyləyib. Alim, həmçinin Cümhuriyyət dövründə Azərbaycanın bayrağı, himni, gerbi, pul vahidi və nizami ordusunun yaradıldığını, ana dilinin dövlət dili elan edildiyini deyib.

AXC-nin elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edən AMEA-nın vitse-prezidenti bildirib ki, 1919-cu ildə Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması ilə müsəlman Şərqində ilk dəfə dünyəvi təhsil verən qurum yaradılıb. O, AXC parlamentinin qəbul etdiyi 230-a yaxın qanun və qərarlar içərisində elm, təhsil və mədəniyyətin geniş yer tutduğunu, ölkəmizdə akademik çalışmaların hələ Cümhuriyyət dövründə yarandığını söyləyib. AXC dövründə bir neçə elmi-tədqiqat qurumlarının fəaliyyət göstərdiyini deyən İ.Həbibbəyli Fövqəladə Təhqiqat Komissiyasının akademik səviyyədə gördüyü işlər nəticəsində 1918-ci ilin mart soyqırımı ilə bağlı 36 cilddən ibarət nəşrin hazırlandığını vurğulayıb.

Akademik İ.Həbibbəyli Cümhuriyyətin yaranmasının xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini və 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə AXC-nin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildiyini deyib. O, ümummilli liderin müstəqil və güclü dövlət ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə bir sıra uğurlara imza atıldığını bildirib.

Alim sonra konfrans barədə məlumat verib və tədbirdə Qafqaz ölkələrinin geosiyasi şəraiti, sivilizasiyaların, mədəniyyətlərin qarşılıqlı əlaqəsi, regionda baş verən sosial-iqtisadi proseslər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə həsr olunan 170 məruzənin 20 bölmə iclasında müzakirə ediləcəyini söyləyib.

Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, millət vəkilləri - Fazil Mustafa, Hikmət Məmmədov, Türkiyə Atatürk Universitetinin professoru İbrahim Ethem Atnur, Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbəy Ayağan, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin Humanitar tədqiqatlar şöbəsinin müdiri, professor Yevgeniy Krinko, Suxumi Dövlət Universiteti Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzinin prezidenti, professor Quram Marxuliya, T.Şevçenko adına Kiyev Milli Universitetinin Xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik və çexiyalı tədqiqatçı Pyotr Vaqner çıxış edərək AXC və onun qurucuları ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: