Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elmin İnkişafı Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
29.05.2018 08:04
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev AXC-nin qısa, lakin şanlı tarixindən söz açıb, bu demokratik dövlətin yaranmasında qarşıya çıxan, o cümlədən süni və məqsədli yaradılan böyük siyasi çətinlik və maneələrdən danışıb. Qeyd edilib ki, dövlətin qorunub saxlanılması onu yaratmaqdan da çətindir. E. Babayev ötən əsrin 90-cı illərində yaranmış gərgin vəziyyəti və siyasi durumu 1918-ci illərlə müqayisə edib, hər iki dövrün mürəkkəbliyindən, ölkənin bölünmə təhlükəsi yaşamasından və ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyin qorunmasına nail olaraq ölkəni bu uçurumdan xilas etməsindən də söz açıb. Bildirilib ki, Şərqdə ilk demokratik institutlara malik olan Azərbaycan Xalq Cümhuriyyəti qısaömürlü olsa da, dahi lider Heydər Əliyevin qurduğu və Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurla idarə etdiyi müasir müstəqil Azərbaycan Respublikası bu gün güclü ordu, güclü iqtisadiyyat və beynəlxalq əlaqələrə malik, firavan və sabit dövlətə çevrilib. EİF-in icraçı direktoru bu uğurları gözü götürməyən qüvvələrdən söz açıb, Rüstəm İbrahimbəyov kimilərin riyakar və cılız əməllərindən danışıb, hər bir azərbaycanlını bu cür xəyanətləri qətiyyətlə qınamağa çağırıb.

E.Babayev rəhbərlik etdiyi qurumun AXC-nin 100 illiyinə töhfəsindən də danışıb. Bildirilib ki, bu münasibətlə “Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda” bio-biblioqrafik leksikon EİF tərəfindən qrant layihəsi çərçivəsində alman dilində nəfis tərtibatla nəşr etdirilib. Kitabın müəllifləri Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux və həmin kafedranın professoru Rasim Mirzəyevdir.

Eyniadlı qrant layihəsinin məhsulu olan kitab alman və azərbaycanlı tədqiqatçıların birgə elmi-tədqiqat işinin nəticəsi kimi çap edilib. Bu nəşr Qarabağın azərbaycanlı elitasının inkişaf tarixini bütün detalları ilə almandilli və digər beynəlxalq tədqiqatçılara çatdırmaq məqsədi daşıyır. Kitabdakı məlumatlar Dağlıq Qarabağ münaqişəsi kontekstində bu regionun Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktını son dərəcə qətiyyətlə ortaya qoyur.

Kitabın nəşr olunmasının məqsədi kollektiv bioqrafiyanın geniş analizi vasitəsilə almandilli ölkələrin ictimaiyyətinə, bütövlükdə beynəlxalq ictimaiyyətə Azərbaycanın əsas mənəvi-mədəni mərkəzlərindən biri kimi Qarabağ diyarının milli düşüncənin və dövlətçiliyin təşəkkülündəki müstəsna rolunu əyani göstərməkdir.

Vurğulanıb ki, kitab Qarabağ regionundakı maariflənmə və milli hərəkatda fəalların rolu haqqında məlumat verməklə, Qarabağın tarixinin və onun zəngin mədəni irsinin təbliği baxımından da olduqca önəmlidir.

Nəşrin təntənəli təqdimat mərasimi də keçiriləcək. Bu yubiley münasibətilə daha bir neçə kitabın da nəşri ilin sonunadək tamamlanacaq. İl ərzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş və gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsinin qalibi olmuş iki layihə üzrə gənc geoloqların beynəlxalq məktəb-seminarı və sağlamlıq turizmi sahəsində alim və mütəxəssislərin beynəlxalq konfransı keçiriləcək.

Tədbirdə Arzu Əliyevanın baş prodüseri olduğu, AXC-nin 100 illiyinə həsr edilmiş “Son iclas” bədii-sənədli filmindən fraqmentlər göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: