Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.05.2018 10:08
  • A-
  • A
  • A+

“Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirilib

“Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirilib

25-26 may 2018-ci il tarixlərində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası Mədəniyyət kanalı Xalq yaradıcılığı redaksiyası və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçirilib.      

Tədbir Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən təşkil olunub.

Festivalda qədim əl işləri, kitab satış-sərgisi, milli geyimlər və rəqslər, aşıq havaları, zorxana tamaşası, nalbəndlik, interaktiv oyunlar, xalça toxuma və digər nümunələr təqdim olunub. Sərgilənən tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlərdə böyük maraq doğurub.

Azərbaycan Televiziyası Mədəniyyət kanalının Xalq yaradıcılığı redaksiyasının rəhbəri, tarix üzrə elmlər doktoru Güllü Yoloğlunun “Keçmişdən gələcəyə” layihəsinin bir hissəsi olan bu festival milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması  istiqamətində böyük əhəmiyyət kəsb edir.

Festivalın rəsmi açılış hissəsində Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova,  Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova, Folklor İnstitutunun baş elmi işçisi, filologiya üzrə  fəlsəfə doktoru, dosent  İlhamə Qəsəbova və digərləri çıxış ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın müstəqillik uğrunda mübarizəsinin və minilliklərlə ölçülən dövlətçilik şüurunun tarixində önəmi vurğulanıb, Azərbaycan arxeoloqları, etnoqrafları və folklorşünaslarının son illərdə apardıqları tədqiqatlardan bəhs olunub.

Rəsmi hissədən sonra festivalın iştirakçıları və qonaqları xalq rəqs və musiqi yaradıcılıq qruplarının, milli döyüş sənətini yaşadan idman məktəblərinin çıxışlarını izləyib, qədim sənət növləri ustalarının və həvəskar sənətçilərin əsərləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: