www.science.az
30.05.2018 14:20

Yer elmləri üzrə ən gənc elmlər doktoru

Son zamanlar ölkəmizdə elmin inkişafı, alimlərimizin beynəlxalq aləmə inteqrasiyası, eləcə də gənclərin elmə cəlb edilməsi, onların müasir dövrün çağırışlarına cavab verən tədqiqatlarının stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Bütün bunlar bütövlükdə Azərbaycan elmində, eləcə də AMEA-da gənc alimlərin, fəlsəfə və elmlər doktorlarının sayının günü-gündən artmasına səbəb olur.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, dosent Qulam Babayev bu yaxınlarda “Bakı şəhəri ərazisi qruntunun güclü titrəyişlərinin mikroseysmik məlumatlara və hiss edilən ssenar zəlzələlərin parametrlərinə əsasən modelləşdirilməsi” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib. O, Yer elmləri üzrə bu elmi dərəcəyə layiq görülən ən gənc alimdir.

Q.Babayev 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1997-1998-ci illərdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas Universitetində təhsil alıb. 2001-2002-ci illərdə isə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) ilə birlikdə təşkil olunan “Seysmologiya və zəlzələ mühəndisliyi” proqramında Tsukuba və Tokyo şəhərlərində təhsilini davam etdirib.

Gənc alim 2002-ci ildən 2013-cü ilə qədər AMEA Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2005-ci ildə “Geofizika, faydalı qazıntı yataqları axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə “Bakı şəhərinin seysmik riskinin qiymətləndirilməsi” mövzusunda dissertasiyanı müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini alıb.

O, elmi fəaliyyəti dövründə Azərbaycan, Gürcüstan, İtaliya, Fransa, Avstriya, Türkiyə, Avstraliya, Belçika, Polşa, Çexiya, Almaniya və İsveçrə kimi ölkələrin nüfuzlu elmi-tədqiqat mərkəzlərinin ixtisasartırma kurslarında təhsil alıb, müşavirələrdə, konfranslarda iştirak edib, çoxsaylı yerli və beynəlxalq layihələrin icraçısı olub.

Həmçinin Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri kimi müxtəlif illərdə keçirilən gənc alim və tələbələrin ənənəvi beynalxalq Yer Elmləri konfranslarının, eləcə də digər  elmi və ictimai tədbirlərin fəal təşkilatçılarından biri olub. 2006-cı ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi alimi elmi nailiyyətlərinə görə və Gənclər Gününün 10-cu ildönümü münasibətilə diplomla təltif edib. 2010-cu ildə isə o, dosent elmi adına layiq görülüb.

Q.Babayev 2016-cı ildən Ukrayna Elm və Texnologiya Mərkəzinin (ingiliscə, STCU) Azərbaycanda nümayəndəsi (ingiliscə, Regional Officer) vəzifəsində çalışır. Eyni zamanda, 2017-ci ilin mart ayından etibarən Geologiya və Geofizika İnstitutunda Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri vəzifəsini icra edir.

Alim 2018-ci ildə Fulbrayt Fondunun (Fulbright Foundation) qrantı dəstəyilə ABŞ-ın Ann Arbor şəhərində yerləşən Miçiqan Universitetində elmi ezamiyyətdə olub, “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusu üzrə tədqiqatlar aparıb.

O, 15-i impakt faktorlu nüfuzlu jurnallarda nəşr olunmaqla, 64 elmi əsərin müəllifidir.

Qulam Babayevi gənc yaşında Azərbaycan elminin yüksək pillələrindən olan elmlər doktoru adına layiq görüldüyünə görə səmimi qəlbdən təbrik edir, bu çətin və şərəfli yolda ona möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.