Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib
30.05.2018 13:28
  • A-
  • A
  • A+

“Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi, akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib.

Beş fəsildən ibarət olan elektron layihənin “Bioqrafiya” adlanan birinci fəslində R.Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.

Layihənin “Xronologiya” adlanan ikinci fəslində akademikin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb.

Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik və fəlsəfi fikir tarixinə, müstəqil Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərə, qloballaşan dünyanın problemlərinə, yeni dünya düzəninə, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyinin qorunması və ölkəmizin dinamik inkişafı istiqamətində gördükləri titanik fəaliyyətlərinə aid qələmə aldığı kitabların elektron versiyaları “E-Kitablar” fəslində istifadəçilərə təqdim edilir. Bu fəsildə akademikin millətlərarası münasibətlərə, erməni iddialarına, azərbaycanlıların məruz qoyulduqları soyqırımı gerçəkliklərinə aid əsərlərinin elektron versiyaları da toplanılıb. Həmçinin müəllifin müxtəlif dillərdə çap edilən kitabları oxuculara təqdim edilir.

Layihənin dördüncü fəsli “E-Məqalələr” adlanır. Bu fəslin “Elmi məqalələr” adlanan bölməsində R.Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.

Elektron kitabxananın sonuncu fəsli olan “Biblioqrafiya” fəslinin “Əsərləri” adlanan bölməsində akademik Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. Həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin haqqında yazılan kitabların biblioqrafik təsviri öz əksini tapır. 2005-ci ildən bu günədək akademik haqqında dərc edilən məqalələrin Azərbaycan və rus dillərində biblioqrafiyası “Məqalələr” adlanan bölmədə ayrı-ayrı illər üzrə toplanılıb.

http://ramizmehdiyev.preslib.az/ domenində yerləşdirilən elektron kitabxananın materialları müntəzəm olaraq yenilənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: