Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.05.2018 15:00
  • A-
  • A
  • A+

“Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda seminar keçirilib

“Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Masallı Rayon İcra Hakimiyyəti və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə “Çay və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyası” mövzusunda elmi-praktiki seminar keçirilib.

Masallı Rayon Kənd Təsərrüfatı İdarəsində baş tutan tədbir Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına əsasən gerçəkləşib.

Seminarda Masallı RİHB-nın müavini Nəsir Muxtarlı "Kənd təsərrüfatının inkişafında proqnozlaşdırma", Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev "Yaşlaşmış və zəif düşmüş çay plantasiyalarında məhsuldarlığın bərpa olunması yolları" və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev "Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu" mövzusunda çıxış ediblər. Qeyd olunub ki, çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı Dövlət Proqramlarının qəbul edilməsi bu sahələrin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialının gücləndirilməsinə xidmət edəcək.

Diqqətə çatdırılıb ki, ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Bundan əlavə, Azərbaycan subtropik bitkiçiliyinin, o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf mərhələsinin ümumilli lider Heydər Əliyevin qayğısı və səyi ilə ötən əsrin 70-80-ci illərində baş verdiyi bildirilib.

Tədbirdə Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini Eldəniz Musalı, Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, Çay və subtropik bitkilər şöbəsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent İsa Hüseynov, çayçılıq briqadiri Mirqasım Bağırov və digərləri çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: