Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.05.2018 15:58
  • A-
  • A
  • A+

Monqolustan Elmlər Akademiyasının prezidenti AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub

Monqolustan Elmlər Akademiyasının prezidenti AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olub

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Monqolustan Elmlər Akademiyası  Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Çuluun Sampildondov, Monqolustanın Ankaradakı səfirliyinin 1-ci katibi Solonqa Batsaixan, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov da iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev qonaqlara rəhbərlik etdiyi qurumun yaranma tarixi, burada prioritet elmi istiqamətlərdə aparılan tədqiqatlar barədə məlumat verib. Bildirib ki, institut fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamış, bir çox nailiyyətlərə imza atmışdır.

AMEA-nın vitse-prezidenti gənc alimlərin beynəlxalq aləmə inteqrasiyası baxımından dünyanın qabaqcıl elmi mərkəzlərində təcrübə keçmələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, MEA ilə müxtəlif elmi layihələrin həyata keçirilməsi, tədqiqatçıların qarşılıqlı olaraq ezam olunması vacib məsələlərdəndir.

Alim, həmçinin qonaqlara AMEA Təcrübə Sənaye Zavodunun bazasında yaradılmış Yüksək Texnologiyalar Parkı (YTP) haqqında məlumat verib. Qeyd edib ki, YTP müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiya sahələrinin genişləndirilməsinə, eləcə də sənayedə elmin rolunun artırılmasına xidmət edir.

Sonra çıxış edən akademik Duqer Reqdel təmsil etdiyi qurum barədə məlumat verib. 60 ilə yaxındır ki, fəaliyyət göstərən akademiyada müxtəlif elm sahələr üzrə elmi tədqiqat işlərinin yerinə yetirildiyini, dünya elminə inteqrasiya istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyib.

Alim Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirərək, bu elmi müəssisə ilə  kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Görüşdə, həmçinin iki qurum arasında elmi əməkdaşlığın genişləndirilməsi, alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb, əlaqələrin davamlı inkişafı ilə bağlı müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: