Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda 40 vulkan və təzahür yer səthinə neft çıxarır
07.06.2018 09:36
  • A-
  • A
  • A+

Azərbaycanda 40 vulkan və təzahür yer səthinə neft çıxarır

Azərbaycan ərazisi planetimizdə palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik ərazidir. Quruda və Xəzərin akvatoriyasında 350-dən çox palçıq vulkanı və təzahürləri mövcuddur.
 
Palçıq vulkanlarının sayına, morfoloji müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar ərazi yoxdur. Palçıq vulkanları və təzahürləri Abşeron yarımadasında, Şamaxı-Qobustan rayonunda, Cənub-Şərqi Şirvanda və Bakı arxipelağında yerləşib. Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı mövcuddur. Bakı arxipelağında vulkan mənşəli 8 ada vardır.
Azərbaycanın təbii sərvəti olan palçıq vulkanları ilə bağlı sualları AMEA Geologiya və Geofizika İnstitutu Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Adil Əliyev cavablandırır.

- Adil müəllim, palçıq vulkanının püskürmə səbəbləri hansılardır və onun ərazinin seysmikliyi ilə əlaqəsi varmı?

- Palçıq vulkanlarının fəaliyyətinin seysmikliklə əlaqəsi çoxdan müəyyən edilmişdir. 1813-cü ildə Xəzərdə Yanan Tava bankəsindəki zəlzələ eyni adlı palçıq vulkanının püskürməsinə səbəb olmuşdur. Güclü zəlzələlər vulkanları püskürməyə "vadar edir" və bu fikir çoxsaylı faktlarla əsaslanır. Genetik baxımdan hər iki təbii hadisə yer qabığında toplanan tektonik gərginliyin təzahürüdür.

Uzun illər apardığımız statistik təhlillər göstərir ki, 4-5 m maqnitudalı güclü zəlzələlər vulkanların aktivləşməsinə səbəb olur, yeraltı təkanlar püskürmənin "təhrikçisi" rolunu oynayır. Əgər enerji toplamış vulkanın ocağı zəlzələnin hiposentri (hipomərkəzi) ilə bir qırılma zonasında yerləşibsə, yaxud zəlzələ ilə vulkan arasında məsafə 80-100 km radiusundadırsa, onda bu barədə inamla fikir söyləmək mümkündür. Bununla yanaşı, hələ keçən əsrin 80-ci illərində vulkanlarda apardığımız müşahidələr göstərdi ki, zəif zəlzələlərin sonuncu "hazırlıq" mərhələsi dövrü, zəlzələ ocağına yaxın olan vulkanların fəaliyyəti aktivləşir və yer səthinə çıxarılan flüidlərin (qaz, su) bəzi komponentlərin miqdarı  anomal səviyyədə artır. Bu da baş verəcək zəlzələnin xəbərçisi kimi qəbul oluna bilər. Bu nəticə son illərdə apardığımız müşahidələrimizdə də təsdiqini tapmışdır.

- Azərbaycanda palçıq vulkanı nə vaxtdan tədqiq edilir, bu sahədə inkişaf prosesi necə keçib?

- Ümumiyyətlə, Azərbaycanda palçıq vulkanlarının öyrənilməsinin tarixi qədimdir. Akademik Əhəd Yaqubovun təşəbbüsü və rəhbərliyi ilə AMEA Geologiya və Geofizika İnstitutunda 1966-cı ildə keçmiş SSRİ məkanında ilk dəfə palçıq vulkanizmi laborotoriyası yaradılıb. 1971-ci ildə ümumdünya geoloji ədəbiyyatı  tarixində ilk dəfə "Azərbaycan palçıq vulkanlarının atlası" nəşr olunub. 1972-ci ildə iki laboratoriyadan (geologiya və geokimya) daimi fəaliyyətdə olan ekspedisiyadan ibarət böyük sektor yaranmış və beş il ərzində Azərbaycanla yanaşı, keçmiş Sovet İttifaqı ərazisinin - Şərqi Gürcüstan, Cənub-Qərbi Türkmənistanın, Kerc-Taman yarımadalarının, Qərbi Kubanın və Cənubi Saxalinin palçıq vulkanları öyrənilmişdir. Görülən elmi tədqiqatların nəticələri 1980-ci ildə nəşr olunmuş "SSRİ-nin palçıq vulkanları və onların neftqazlılıqla əlaqəsi" adlı kitabda əksini tapmışdır. Sonrakı illərdə  palçıq vulkanları keçmiş Kurortologiya İnstitutu və Akademiyanın digər İnstitutlarının mütəxəssisləri ilə müştərək işlər görülüb. 1990-cı ildən başlayaraq Azərbaycanda fəaliyyətdə olan neft şirkətləri, Avropa universitetləri, 2010-cu ildən başlayaraq Rusiya EA-nın Geoloji İnstitutu, Ukrayna MEA-nın alimlərinin birgə səyi ilə Cənub-Şərqi Qafqazın, Qara dəniz və Xəzərin palçıq vulkanları öyrənilib və bir çox mühüm elmi-faktiki nəticələr alınıb.

2015-ci ildə ilk dəfə "Dünya palçıq vulkanlarının" böyük həcmdə Atlası Azərbaycan, ingilis və rus dillərində Bakıda hazırlanıb, İtaliyada nəşr olunmuşdur.

- Palçıq vulkanları hansı qruplara bölünür və bu təbiət hadisəsinin əhəmiyyəti nədir?

- Apardığımız tədqiqatlar nəticəsində iki genetik əlaqəli palçıq vulkanı və palçıq vulkanı təzahürləri aydınlaşdırılıb. Bildirək ki, vulkan tullantılarında süxur qırıntıları olmayanlar təzahür adlanır ki, ölkəmizdəki 350 vulkanın 76-sı təzahürdür. Palçıq vulkanları milli dəyərimiz və təbii sərvətimizdir. Hələ keçən əsrin 20-ci illərində Abşeron yarımadasının görkəmli tədqiqatçısı professor Dmitri Qolubyatnikov palçıq vulkanını xərcsiz başa gələn kəşfiyyat quyusu adlandırmışdı. Bu "quyunun" dərinliyi bəzən 10-12 km-ə çatır. Bu isə o deməkdir ki, vulkanın Yer səthinə çıxardığı dağ süxurları, qazlar, minerallaşmış sular, bir növ yer təkinin "vizit kartıdır".

Azərbaycanın quruda, xüsusən də dənizdə aşkar edilmiş və istismarda olan zəngin neft-qaz yataqlarının əksəriyyəti palçıq vulkanı strukturları ilə əlaqəlidir. Beləliklə, palçıq vulkanı təbii kəşfiyyat quyusu kimi yerin dərin qatlarında karbohidrogen yataqlarının axtarışında neftçi geoloqlara kömək edir. Məhz buna görə də onların elmi cəhətdən öyrənilməsi böyük əhəmiyyət daşıyır. Bundan başqa, vulkan tullantılarındakı müxtəlif süxurlar lazım olan mikroelementlərlə (bor, manqan, vanadium, mis, litium və s.), vulkan suları, yod, bor, bromla zəngindir. Vulkan palçığı - təbii müalicəvi preparatdır, geniş istifadə olunur, vulkan gili keyfiyyətli keramzit xammaldır və inşaatda tətbiq edilir, gillərdən isə silikat kərpic də hazırlanır. Möhtəşəm, görkəmli, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm obyektidir. Nəhayət, qeyd etdiyim kimi, palçıq vulkanlarının fəaliyyəti zəlzələlərlə genetik əlaqəlidir.

- AMEA-nın Geologiya və Geofizika İnstitunda başçılıq etdiyiniz "Palçıq vulkanizmi" şöbəsinin fəaliyyəti hansı istiqamətləri əhatə edir?

- Birinci, palçıq vulkanlarının püskürmə məhsulları, onların yer səthinə çıxardığı süxur və flüidlərin (qaz, su, neft) ətraflı geoloji-geokimyəvi tədqiqi dərin qatlarla əlaqədar neft-qaz yığımları haqqında məlumat verir. Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birgə aparılan palçıq vulkanı fəaliyyətinin ölkənin şərqində baş verən zəlzələlərlə (alternativ) yanacaq enerji mənbələrinin - təbii bitumların, yanar şistlərin, palçıq vulkanlarının yer səthinə çıxardığı neftlərin öyrənilməsi, son 15 ildə o cümlədən, vulkan tullantılarındakı yanar şistlərin elmi baxımdan ətraflı geokimyəvi tədqiqi istiqamətində işləyirik. Məsələn, yanar şistləri öyrənərək ilk dəfə olaraq böyük dərinliklərdə karbohidrogen generasiyası üçün maykop yaşlı süxurlarla yanaşı eosen çöküntülərin potensial imkanları haqqında fikir irəli sürülmüşdür. Nəhayət, palçıq vulkanları və ətraf mühitin ekologiyası, eləcə də vulkanların qorunması və beynəlxalq turizmə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.

- Elmi nəticələr sonra necə tətbiq edilir?

- Palçıq vulkanlarının yayıldığı ərazilərdə dərinliklərdə yerləşən neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və kəşfiyyat strukturlarında sönmüş sualtı vulkanların xəritəalma üsulu işlənmiş və Xəzərdə tətbiq olunmuşdur. Palçıq vulkanlarının yerləşdiyi ərazilərin tektonikası aşkarlanmışdır, qırılma strukturları və mikrobloklar ayrılmışdır, vulkanların zaman-məkan paylanma qanuna uyğunluqları müəyyən edilmişdir və digər regionlarda təsdiq olunmuşdur. Vulkan palçığının müalicəvi geokimyəvi xüsusiyyətləri öyrənilmiş, tərkibindəki mikroelemenlərdən asılı olaraq, palçığın tipinə görə xəritəsi tərtib edilmiş və hələ ötən əsrin 80-ci illərində həkimlərlə birgə ölkənin 15 tibb müəssisələrində müalicə təcrübəsində tətbiq edilmişdir.

- Azərbaycanın palçıq vulkanları barədə dünya elmi ictimaiyyətinin rəyi necədir?

- Son 25 ildə Azərbaycanın palçıq vulkanları dünyanın aparıcı neft şirkətləri mütəxəssislərinin (BP, Statoil, AMOK, Ekson), Avropa universitetlərinin (Almaniya, İtaliya) eləcə də Rusiya və Ukrayna alimlərinin bizimlə birgə tədqiqat obyektinə çevrilmişdir. Alınan elmi nəticələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu jurnallarında, beynəlxalq konfransların, simpoziumların materiallarında dərc olunmuşdur. Xarici ölkələrin palçıq vulkanlarına aid məlumat bankının hazırlanması, dünya palçıq vulkanları atlasının tərtib olunması göstərdi ki, palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizmi haqqında fikirlərimiz xarici ölkə alimləri tərəfindən təsdiq olunmuşdur. Ümumiyyətlə, 50 il ərzində aparılan tədqiqatlar nəticəsində bir sıra mühüm əhəmiyyət kəsb edən elmi nəticələr əldə edilmişdir. Bunlardan bəzilərini qeyd edək: Palçıq vulkanlarının morfogenetik təsnifatı işlənilmişdir. Aerofotokosmik şəkillərin deşifrəsi üsuluna əsasən yeni palçıq vulkanları (gömülmüş) və təzahürləri müəyyən edilmişdir. İlk dəfə Azərbaycan və Xəzərin həmsərhəd akvatoriyasının palçıq vulkanlarının geodinamik əsasda yarım milyon miqyaslı xəritəsi tərtib olunmuşdur. Son 200 ildə Azərbaycanda qeydə alınmış palçıq vulkanlarının püskürməsinə aid (93 vulkanda 418 püskürmə) kataloqlar nəşr olunmuşdur.

- Adil müəllim, mümkünsə perspektiv işlər və planlarınız barədə də bir neçə söz deyin.

- Rusiya Elmlər Akademiyası ilə (g.m.e.d. V.Y. Lavruşin) palçıq vulkanı qazlarının və suların izotop-geokimyəvi tədqiqatları aparılmış, palçıq vulkanizminin mənşəyi məsələləri araşdırılıb, vulkan tullantılarında helium nisbətləri, pirit mineralının-kükürdün izotopu ilk dəfə olaraq öyrənilmişdir. Ukrayna alimləri (akademik E.F. Şnyukov və digərləri) ilə aparılan tədqiqatlarda Azərbaycan palçıq vulkanları tullantılarında fəsil mineralları aşkar edilmişdir və sopka brekçiyasında aksessor minerallaşma palçıq vulkanizminin tədqiqində yeni istiqamət kimi tətbiq olunmuşdur. Azərbaycan palçıq vulkanlarında ilk dəfə təbii əmələ gəlmiş qızıl, dəmir, mis, titan və digər metallar, eləcə də bir sıra minerallar, daş kömür aşkar edilib. Bu işlər, yəni sopka brekçiyasının flüidogen minerallaşması məsələsi davam etdirilir. Üç ildir Fransa alimləri və mütəxəssisləri ilə birgə Azərbaycanın bir neçə palçıq vulkanlarında geoloji-geofiziki və geokimyəvi tədqiqatlar aparılır, vulkanların geoloji və struktur quruluşu öyrənilir. İşlər Geologiya və Geofizika İnstitutu və "Total ESP Azerbaijan B.V./Total ESP Abşeron B.V." arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilir.

Şirməmməd  NƏZƏRLİ

525-ci qəzet

  • Paylaş: