www.science.az
07.06.2018 17:08

"Azərbaycanda sosial innovasiyalar və təşəbbüskarlıq" mövzusunda tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Azərbaycanda sosial innovasiyalar və təşəbbüskarlıq" mövzusunda tədbir keçirilib.

Tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı (YT Park), Gənclər və İdman Nazirliyi (GİN), İqtisadiyyat Nazirliyi (İN), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondu (İTİDF), "Social Hub" İnnovasiyalar Mərkəzinin rəsmiləri, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin biznes inkubatorlar və gənc alimlər iştirak ediblər.

Tədbirdə "Social Hub" İM-nin həmtəsisçisi Nərgiz Xələf təmsil etdiyi qurumun əsas hədəflərindən birinin ölkəmizdə sosial innovasiyalar və təşəbbüskarlığın təşviqi, həmçinin qlobal ekosistemə inteqrasiyasının həyata keçirilməsi olduğunu bildirib. O, AMEA YT Parkın əsas tərəfdaşlığı ilə mərkəzin Azərbaycanda milli innovasiya ekosisteminin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini söyləyib.

Sonra AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək ölkəmiz üçün sosial innovasiyalar və sahibkarlığın vacibliyindən bəhs edib. Qeyd edib ki, bu sahənin inkişaf etdirilməsi məqsədilə beynəlxalq qurumlarla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

İclasda digər çıxış edənlər ölkəmizin davamlı inkişafında sahibkarlığın mühüm rol oynadığını, innovativ təşəbbüslərin həyata keçirilməsində gənclərə dəstək göstərilməsinin vacibliyini vurğulayıblar.  

Daha sonra "Social Hub" İM-nin həmtəsisçisi Amin Məmmədov mərkəzin fəaliyyət sahələri və gələcək layihələri haqqında məlumat verib.

Sonda İM-in digər həmtəsisçisi Vüsal Süleymanlı "Azərbaycanda sosial innovasiyalar və təşəbbüskarlıq" mövzusunda təqdimatla çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.