Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı məktəblilər Türkiyədə keçirilən olimpiyadada böyük uğura imza atıblar
13.06.2018 09:29
  • A-
  • A
  • A+

Azərbaycanlı məktəblilər Türkiyədə keçirilən olimpiyadada böyük uğura imza atıblar

Türkiyənin İzmir şəhərində "OKSEF-2018" məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadası keçirilib.

Dünyanın 38 ölkəsindən 120 nəfər iştirakçının 60 layihə ilə qatıldığı tədbirdə ölkəmizi 3 qrup nümayəndə heyəti təmsil edib.

Müsabiqənin biologiya kateqoriyası üzrə Avropa-Azərbaycan məktəbinin 10-cu sinif IB kurrikulumu üzrə təhsil alan Ülvi Cabbarov və Fuad Xasıyev (elmi rəhbər Elvin Abdullayev) qızıl, həmin məktəbin 10-cu sinif şagirdləri - Samir Məmmədov, Yasəmən Həsənzadə (elmi rəhbər Mələk Əzizova) və Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov (elmi rəhbər AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev) bürünc medala layiq görülüblər.

Final mərhələsində ekspert dəyərləndirilməsi ingilis dilində olmaqla 5 dəqiqə poster, 12 dəqiqəlik slaytla şifahi təqdimatdan ibarət olub. Qiymətləndirmədə hər kateqoriya üzrə 4 beynəlxalq ekspert iştirak edib. Onlar layihəni və müəlliflərin çıxışlarını qiymətləndirib, eləcə də məktəblilər ekspertlərin suallarını cavablandırıblar.

Yekunda qaliblərə diplom, medal və xatirə hədiyələri, bütün iştirakçılara isə sertifikat təqdim olunub.

Müsabiqə çərçivəsində layihə iştirakçılarının təmsil olunduğu ölkələr haqqında qısametrajlı film və milli-mədəniyyət nümunələri nümayiş olunub.

Qeyd edək ki, 13 ildir keçirilən olimpiyadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir. Müsabiqə bu günədək müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və digər ölkələrdə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: