Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan-İtaliya beynəlxalq ekspedisiya qrupu Goranboyda arxeoloji tədqiqatlara başlayıb
13.06.2018 10:32
  • A-
  • A
  • A+

Azərbaycan-İtaliya beynəlxalq ekspedisiya qrupu Goranboyda arxeoloji tədqiqatlara başlayıb

Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlayıb.

Tədqiqatlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və Lorenzo de Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin rəhbəri, professor Nikola Lanerinin həmrəhbərliyi altında aparılır.

Arxeoloji ekspedisiyanın tərkibində Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq Almaniya və Fransadan mütəxəssislər də iştirak edir.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaq.

Qeyd edək ki, ötən il AEİ ilə CAMNES arasında Azərbaycanın bir sıra Qərb rayonlarında tunc dövrü kurqan tipli dəfn abidələrinin birgə arxeoloji tədqiqi barədə razılığa gəlinib.   

Həmçinin bu il martın 29-30-da  Florensiyada Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası üzvlərinin toplantısı keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək tədqiqat planları müzakirə olunub. Müzakirələrdə Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntılardan götürüləcək nümunələrin müxtəlif elm sahələri üzrə dünyanın qabaqcıl laboratoriyalarında analizi və elmi nəticələrin iştirakçı mütəxəssislərin həmmüəllifliyi ilə nüfuzlu jurnallarda dərci nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: