www.science.az
14.06.2018 10:24

“Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.

Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur.

Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur. 

Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.

Əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan danışıb. Qazaxıstan-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayan Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevlə çox yaxın dost olub. Dostluq əlaqələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir.

Nursultan Nazarbayevin də türk dünyasının liderlərindən biri olduğunu deyən Əli Həsənov kitaba yazdığı “Ön söz”də onu ulu öndər Heydər Əliyevlə müqayisə etdiyini, hər iki liderin hakimiyyətlərinin xarakteristikasını verdiyini diqqətə çatdırıb.

"Azərbaycan dövlətinin təşəbbüsü, Prezident Administrasiyasının təşkilatçılığı ilə ərsəyə gələn kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin bütün fəaliyyəti və liderlik keyfiyyətləri ilə tanış edir" - deyən Əli Həsənov bundan əvvəl Nursultan Nazarbayevlə bağlı Azərbaycan dilinə üç kitabın tərcümə edildiyini xatırladıb.

Prezidentin köməkçisi deyib ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabını vərəqləyən hər kəs türk dünyasının yetişdirdiyi liderlər haqqındakı biliklərini zənginləşdirəcək və böyük dərs alacaq.

Daha sonra Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını iki qardaş ölkə arasında böyük dostluğun davamı kimi dəyərləndirib. Azərbaycan və qazax xalqları arasında əlaqələrdən danışan nazir qeyd edib ki, ortaq milli-mənəvi dəyərlər xalqlarımızın birliyini və iki ölkə arasında əlaqələri, dostluğu yaşadan amillərdəndir. Diqqətə çatdırıb ki, kitabda Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, XX və XXI əsrlərdə Qazaxıstanın keçdiyi inkişaf yolundan da bəhs edilir.

Nəşrin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, türk dünyasının böyük şəxsiyyətləri - Heydər Əliyev və Nursultan Nazarbayev milli maraqların təmin olunması, xalqların rifahı naminə əllərindən gələni ediblər. Onlar həm də yaxın dost olaraq ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıblar. Bu ənənə indi də davam etdirilir.

“Bu kitabın məziyyətlərindən biri onun quru publisistikadan, xronikallıqdan uzaq olması və maraqlı bir dillə yazılmasıdır. Necə deyərlər, onu birnəfəsə oxumaq mümkündür”, - deyə Akif Əlizadə vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı isə çıxışında kitabın Nazarbayev irsini araşdıranlar üçün dəyərli mənbə olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Cavanşir Feyziyev təqdimatı keçirilən kitabın təkcə həyat hekayəsi deyil, qardaş qazax xalqının məişətindən tutmuş ictimai-siyasi, mədəni, iqtisadi mühitini bütün özəllikləri ilə əhatə edən bir əsər olduğunu vurğulayıb. Bildirib ki, müəllif qazax xalqının həyat tərzini, arzu və istəklərini, qarşılaşdığı çətinlikləri, qazandığı nailiyyətləri obyektiv təsvir etməklə, faktiki olaraq Qazaxıstanın müasir tarixinin salnaməsini yaradıb.

Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov vurğulayıb ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. “Bu, bizim ilk birgə layihəmiz deyil. Bundan əvvəl Astanada Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatı olub. Belə layihələr münasibətlərimizin daha da genişlənməsinə xidmət edir”, - deyə Mahmud Kasımbekov bildirib.

Tədbir Qazaxıstan incəsənət ustalarının konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.