Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fəlsəfə İnstitutunun direktoru Parisdə “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfransda iştirak edib
20.06.2018 10:40
  • A-
  • A
  • A+

Fəlsəfə İnstitutunun direktoru Parisdə “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfransda iştirak edib

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, UNESCO yanında daimi nümayəndəliyimizin, AMEA Fəlsəfə İnstitutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə baş tutub.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mövzunun əhəmiyyətinə toxunaraq, türkdilli dövlətlərin mədəniyyətinin və irsinin dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. Qeyd edib ki, türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi tarixi irs nümunələri bütün türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.

Qeyd olunub ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışıb, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə toxunub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyətin sabitləşdiyini, iqtisadiyyatın dirçəldiyini vurğulayıb.

Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Bolaşak” təqaüd, latın əlifbasına keçidlə bağlı “İctimai şüurun müasirləşdirilməsi” proqramlarından söz açıb.

Sonra çıxış edən Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türkdilli dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu ölkələrdə qədim türk abidələrinin bərpasına kömək göstərdiyini bildirib. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək, XIX-XX əsrlərdə Azərbaycan maarifçiliyində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: