Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan - İslam mədəniyyətinin paytaxtı
21.06.2018 09:33
  • A-
  • A
  • A+

Naxçıvan - İslam mədəniyyətinin paytaxtı

Naxçıvan dünyanın ən qədim, ilkin sivilizasiya mərkəzlərindən biridir. Naxçıvanda “sivilizasiyanın sübh çağı” olan Paleolit dövrünə aid Qazma və Daşqala kimi ilk insan düşərgələrinin olması qədim diyarın insanlığın ilkin beşiklərindən biri olduğunu nümayiş etdirir. 

Xüsusən, Qazma mağarası Mustye dövrünə aid olub, Qafqazda neandertal insanın ən son dayanacağı kimi qəbul edilir. Qədimliyinə və xarakterinə görə Qazma mağarası məşhur Azıx mağaraları ilə müqayisə oluna bilər. 

Həzrəti Nuh peyğəmbərin adı ilə bağlı olan çoxsaylı yer adlarının mövcudluğu faktı da Naxçıvanın sivilizasiya daşıyıcısı olan məkan olmasını bir daha təsdiqləyir. Naxçıvan ərazisindəki Gəmiqaya, Qapıcıq, Baca bulağı, Nəbi yurdu, Qaranquş yaylağı, Xəzər obası, Peyğəmbərayağı yaşayış yeri, məşhur Haçadağ, Nəsirvaz, Nəhəcir (Nuhəcir), Nehrəm (Nuhram), Nürgüt kimi kəndlərin adları və bu toponimlərlə səsləşən əsatirlər diyarın həqiqətən də qədim Nuhçıxan, yəni, Nuh peyğəmbərin gəmisinin gəlib çatdığı yer olduğunu nümayiş etdirir. Fikrimizcə, Naxçıvanqala ilə sağ tərəfdən Qızlar bulağı, sol tərəfdən isə Tumbul kəndi arasındakı ərazi Nuhdaban adlı ilkin şəhərin salındığı yerdir. 

Nuhdaban - Naxçıvandakı sivilizasiya damğasıdır. Nuh peyğəmbərin Dünya tufanından sonra dabanını yerə basıb, oturaq həyata başladığı bu yerdə saldığı Nuhdaban yaşayış yeri Naxçıvan protoşəhərinin babasıdır. 

Nuhdaban - Azərbaycanın Troyasıdır. 

Nuhdaban - Duzdağ bəşəriyyətin babası Nuh peyğəmbərin adı ilə bağlı olan qədim sivilizasiyanı yaşadan tarixin silinməz izləridir. 

Nuh peyğəmbərin məzarının burada yerləşməsi Naxçıvanın bəşər sivilizasiyasının baş kəndi olduğunu göstərir. 

Naxçıvan şəhərinin adı da Dünya tufanı hadisəsi ilə bağlı olub, Nuhçıxan mənasını ifadə edir.

Nuhçıxan - Nuh peyğəmbərin gəmisinin nəhayət, quruya çıxması mənası ilə bərabər, həm də nuhçuların, yəni, bəşəriyyətin xilaskarı olan peyğəmbərin tərəfdarlarının yaşadığı yer mənasını da bildirir.

Son illərdə Avropa alimlərinin toplayıb elmi dövriyyəyə daxil etdikləri Nuh peyğəmbərin çağırışlarında “bütlərin qarşısında baş əyməyin” qadağan edilməsi və “Allahın adına hörmətlə yanaşmağın” xüsusi hökmlər kimi ifadə olunması notları Naxçıvanın bütpərəstlikdən təkallahlılığa keçidin əsas mərkəzlərindən biri olduğunu, tanrıçılıq təliminin burada geniş yayıldığını sübut edir. 

Gəmiqayadakı əlləri səmaya doğru ucaldılmış insan şəkilləri Tanrıya itaət edən ilk insanların ibadətini əks etdirir. Naxçıvandakı məşhur Əshabi-Kəhf ziyarətgahı təkallahlılığın ən qüdrətli carçısı olan Nuh peyğəmbərin və onun tərəfdarlarının qədim ibadət yeridir. 

Təkallahlılıq - tanrıçılıq inancı islama keçid üçün əsas körpü funksiyasını daşımışdır. Ona görə də tanrıçılığın ən mötəbər abidələrindən olan məşhur Əshabi-Kəhf ziyarətgahı dərhal təkallahlılığa əsaslanan islam dini ibadətgahına çevrilmişdir. Adına müqəddəs “Qurani-Kərim”də məxsusi bir surə həkk olunması “Əshabi-Kəhf”in islam məbədgahı kimi qəbul olunmasında mühüm rol oynamışdır. 

Ərəb xilafətinin ərazi və idarəçilik iddialarına qarşı mübarizə aparan xürrəmilər hərəkatının Naxçıvanı da əhatə etməsi burada yeni ibadətgahların bir qədər gec salınmasına təsir göstərmişdir. Ona görə də Naxçıvanda qədim totemlərlə bağlı olan pirlər və ziyarətgahlar, xüsusən də Əshabi-Kəf kimi təkallahlılıq mərkəzi ilkin funksiyasını dəyişərək uzun bir əsas islam ibadət yerləri missiyasını həyata keçirmişdir. Deməli, Naxçıvan türk-müsəlman dünyasında tanrıçılıqdan İslama keçidin əsas mərkəzlərindən biri olmuşdur.

Naxçıvan qədim türk tayfalarının yaşadığı ərazilərdən biridir. Bizim eranın ikinci əsrində Naxçıvan ərazilərinə gəlmiş hunlar bu ərazilərin daimi sakinləri olan yerli prototürk mənşəli tayfalarla birləşmişdilər. Hunların gəlişini özündə əks etdirən Əbrə-hun-us (Əbrəqunus), Qara-hun (Qarxun) yer adlarının Naxçıvanda daimi yaşayış məskənlərinə çevrilməsi də həmin gəlmə və yerli türk tayfa birləşmələrinin həmrəyliyi ilə əlaqədar baş vermişdir. Az sonra bu tayfa birliklərinin əsasında oğuz qəbilələri formalaşmış və Naxçıvan İç oğuzun əsas mərkəzlərindən birinə çevrilmişdir. 

“Kitabi-Dədə Qorqud” dastanlarında Naxçıvanla bağlı olan 50-dən çox toponim burada Qalın Oğuz Eli hakimiyyətinin qüvvətli olduğunu göstərir. Oğuzların dini dünyagörüşündəki tanrıçılıq və İslam amilləri bu tayfaların Naxçıvan ərazilərindəki tanrıçılıqdan İslama qədərki inanclar sisteminin yaşadığını nümayiş etdirir. Qorqud Atanın və digər oğuz başbilənlərinin Məhəmməd peyğəmbərlə görüşmələrinə dair olan məlumatlar və “Kitabi-Dədə Qorqud” boylarındakı müsəlmanlığa aid ifadələr və bəzi ayinlər Azərbaycanda, xüsusən də Naxçıvanda oğuz tayfalarının tədricən islamı qəbul etdiyini nəzərə çarpdırır. Beləliklə, türk sivilizasiyası ilə İslam dini təliminin sintezi hadisəsi baş vermiş, bu isə öz növbəsində regionda böyük Renessans hadisəsinin formalaşması ilə nəticələnmişdir. XI-XII əsrlərin türk-müsəlman Renessansı Avropadan əvvəl baş tutmuş mükəmməl intibah hadisəsidir.

Azərbaycan intibahının yaratdığı şah əsərlərdə - məsələn, Əcəmi Naxçıvaninin yaratdığı XII əsr məşhur Mömünəxatun məqbərəsinin memarlıq həllində İslam dini əlamətləri ilə türk düşüncəsinin vəhdətdə ifadə olunması bu sənət əsərinə möhtəşəmlik gətirmişdir. Belə ki, Mömünəxatun məqbərəsinin üz səthində kufi xətlə “Qurani-Kərim”dəki “Yasin” surəsinin həkk olunması, baş tağında isə ərəb əlifbası ilə “Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” kimi müdrik sözlərin yazılması mədəniyyətdəki türk-islam sintezinin ifadəsidir. Bundan başqa, Mömünəxatun məqbərəsinin daxilindəki medalyonların qədim türk damğalarını, içərisindəki yazıların isə İslam tarixi adlarını əks etdirməsi də artıq XII əsrdə İslam sivilizasiyasının yeni tipli milli mədəniyyət yaratdığını sübut edir. Dövrün təhsil sistemində də İslam dini ilə yanaşı, dünyəvi elmlərin də öyrədilməsi təmin edilmişdir. 

Naxçıvanda XII əsrdə məşhur memar Əcəmi Naxçıvaninin inşa etdiyi möhtəşəm məscidin nəzdində fəaliyyət göstərmiş Ali mədrəsədə dini elmlərlə yanaşı, dünyəvi fənlər: həndəsə, tarix, riyaziyyat, əl kimya, məntiq də tədris olunmuşdur. Beləliklə, Naxçıvan həm də İslam maarifçiliyinin yüksək elmi səviyyədə təşkil olunduğu mühüm mərkəzlərdən biridir. Qədim dövrdə və orta əsrlərdə yaşayıb-yaratmış Naxçıvandan çıxan alimlərin demək olar ki, hamısı İslam dinini şərh edən qiymətli əsərlər, tarixi-fəlsəfi traktatlar yazmışlar. 

Nizami Gəncəvinin müasiri və dostu olmuş Əbubəkr ibn Xosrovun (XII əsr) “Munisnamə” əsərində qafiyəli nəsr nümunəsi olan şeirlərlə bərabər, dini hədislər və rəvayətlərlə toplanılmışdır. Əslən Naxçıvandan olan Nəsirəddin Tusinin (1201-1274) yaratdığı Marağa Rəsədxanasında dini elmlərlə dünyəvi elmlər, xüsusən təbiət elmləri və dəqiq elmlər birlikdə öyrənilmiş, hər iki istiqamətdə qiymətli əsərlər yaradılmışdır. Mədrəsələrdə dərslik kimi istifadə olunan “Əxlaq-Nasiri” əsərində ibrətamiz dini hekayələr öz əksini tapdığı kimi, “Zic-Elxani” (“Elxani cədvəlləri”), “Üstürlab” (“Astrologiya”) kitablarında dəqiq və dünyəvi elmlərə dair problemlərdən yüksək elmi səviyyədə bəhs olunmuşdur. Nəsirəddin Tusinin “elm ölkəsinin şahı” adlandırılması onun bütün Şərqdə elmdə böyük şöhrət qazandığını göstərir. 

XIII əsrdə yaşayıb-yaratmış Həsən ibn Ömər Naxçıvani islam dünyagörüşü haqqında yazdığı əsərlərinə görə dünyada “Allahın fikrinə vaqif olan”, “şeyxlər sülaləsinin sonuncusu” olan məşhur alim kimi qəbul edilmişdir. Baba Nemətullah Naxçıvaninin “Qurani-Kərim”ə yazdığı şərhlər bütün müsəlman dünyasında mükəmməl dini traktatlar olaraq yüksək qiymətləndirilmişdir. Əlaəddin Əbu Abdulla Naxçıvani “Qurani-Kərim”in məşhur bəlağətçisi və adlı-sanlı islam hüququ mütəxəssisi kimi tanınmışdır. XVI əsrin tanınmış elm adamlarından olan Xacə Ətiq Ordubadi Məşhəddə məsul dini vəzifə daşımış, Şahruq mədrəsəsində dini fənləri tədris etmişdir. XVII əsrdə İbrahim ibn Zeynəddin Naxçıvani fiqh - şəriət elmləri üzrə dövrünün tanınmış alimlərindən biri olmuşdur. 

Naxçıvan ərazisində XVII-XVIII əsrlərdə müxtəlif yerlərdə yaranmış müsəlman epiqrafik abidələri burada İslam mədəniyyətinin artıq geniş yayıldığını müşahidə etməyə imkan verir. Həmin kitabələrdə dini yazılarla yanaşı, bəzi tarixi məlumatların da əks etdirilməsi epiqrafik abidələrin mənbələrə çevrilməsini şərtləndirmişdir. 

Bütün bunlar Naxçıvan ərazisində İslam dininin fanatizm təzahürlərindən uzaq, pak və gerçək şəkildə, həm də elm və mədəniyyət səviyyəsində yaşadılmasını təmin etmişdir. Fikrimizcə, tanrıçılığın ən qədim mərkəzlərindən biri olması, tanrıçılıqdan islama keçidin özünəməxsusluğu və nəhayət, İslam maarifçiliyinə və elminə verdiyi böyük töhfələr Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi üçün əsas amillər hesab edilə bilər. Naxçıvan bəşəriyyətə bəxş etdiyi elmi-mənəvi sərvətlərlə türk-islam mədəniyyətinin əsas mərkəzlərindən biri kimi qəbul olunur.

Məlum olduğu kimi, Naxçıvan şəhərində fəaliyyət göstərən “Açıq səma altında muzey”də Azərbaycan tarixinin ən müxtəlif dövrlərini əks etdirən maddi mədəniyyət nümunələri qorunub saxlanılır və təbliğ olunur. Lakin fikrimizcə, Naxçıvan diyarı başdan-başa dünyanın ən möhtəşəm memarlıq muzeyidir. Ərazi etibarilə kiçik olmasına baxmayaraq, dünya səviyyəli, ölkə və yerli əhəmiyyət kəsb edən abidələrin sayına, səviyyəsinə, özünəməxsusluğuna görə, Naxçıvan diyarı ilə müqayisə edilə biləcək regionlar yer kürəsində çox deyildir. 

Böyük memar Əcəmi Naxçıvaninin yaratdığı Naxçıvan şəhərindəki XII əsrə aid Mömünəxatun məqbərəsi Azərbaycanın Tac Mahalıdır. Məşhur rus sənətşünas akademiki M.Alpatov Mömünəxatun abidəsini Nizami Gəncəvinin “Xəmsə”si ilə müqayisə etmişdir. Mömünəxatun abidəsi Azərbaycan memarlığının daş “Xəmsə”sidir. Əcəmi Naxçıvani sadəcə memar deyildir, Şərq memarlıq məktəbinin banisidir. Əcəmi Naxçıvani Azərbaycan memarlığının Leonardo da Vinçisidir. Fikrimizcə, Naxçıvandakı Mömünəxatun məqbərəsi, Yusif Küseyir, Gülüstan və Qarabağlar türbələri UNESCO-nun dünya mədəni irs siyahılarında yer tutmağa və beynəlxalq turizm obyektləri kimi təbliğ edilməyə layiqdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında”kı 2 iyun 2016-cı il tarixli sərəncamında da “sivilizasiyalararası dialoqa mühüm töhfələr verən”, “tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri” olmuş Naxçıvanın “bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub saxlanılmasında özünəməxsus rol oynadığı” xüsusi olaraq diqqət mərkəzinə çəkilmişdir. Möhtərəm Prezidentin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamındakı həmin fikirlər həm də Naxçıvanda əsrlər boyu formalaşdırılıb inkişaf etdirilmiş böyük mədəniyyətə dövlət səviyyəsində verilmiş yüksək qiymətin ifadəsi kimi də mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, Azərbaycanda türk sivilizasiyası ilə İslam dini dünyagörüşünün sintezi xüsusi bir hadisəni - intibahı yaratmışdır. XII əsr Azərbaycan intibahı türk-islam renessansı hadisəsidir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər yeni tarixi epoxada ölkəmizdə müasir intibah səviyyəsinin yaradılmasına tam təminat verir. Əslində XXI əsrdə ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən silsilə İslam həmrəyliyi tədbirləri Azərbaycan miqyasında milli-mənəvi dəyərlər və mədəniyyətlərlə İslam dininin yenidən, fərqli bir səviyyədə çarpazlanması prosesinin getdiyini göstərir. Regionlarda müstəqilliyin başlanğıc illərində məscidlərin tikilməsi dalğasının tədricən məktəblərin və mədəniyyət ocaqlarının inşa edilməsi hərəkatına çevrilməsi, nəticədə hər iki istiqamətin inkişaf etdirilməsi milli intibaha doğru açılan yolların əsas əlamətlərini özündə cəmləşdirir. Bura müstəqillik illərində xüsusilə güclənən folklorşünaslıq, etnoqrafiya, epiqrafika, numizmatika, xalq sənəti sahələri ilə yanaşı, multikulturalizm, dinlərarası dialoq və tolerantlıq, habelə islamşünaslığın da elmi əsaslarla inkişaf etdirildiyini də əlavə etsək, cəmiyyətdə elm, ədəbiyyat və mədəniyyət hadisəsi kimi intibah proseslərinin inkişaf etməkdə olduğunu müşahidə edə bilərik. Üstəgəl, ölkəmizdə tranzit əlaqələrinin geniş şəbəkəsinin yaradılması: Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” magistrallarının dövriyyəyə daxil olması intibah proseslərinə ciddi təkan verir. Tranzit əlaqələri iqtisadi inkişafla mədəni inkişaf arasında körpü funksiyasını həyata keçirir. 

Aşkar müşahidə olunur ki, Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir dövrdə milli-mənəvi dəyərlərin sürətli inkişafı ilə İslam dini dünyagörüşünün yenidən çuğlaşması və elmin, məktəbin, universitetlərin fəaliyyətinin genişləndirilməsi yeni intibah proseslərini doğurmuşdur. 

Naxçıvanın Sədərək-Dilucundan Türkiyəyə və oradan da Avropaya, Culfa və Şahtaxtıdan İrana və Şərqə açılan qapıları buradakı mənəvi-mədəni inkişafın zənginləşdirilməsinə münasib meydan açır. Naxçıvan-Təbriz-Məşhəd qatarının və İstanbul-Naxçıvan-Gəncə, Moskva-Naxçıvan aviareyslərinin davamlı fəaliyyəti də mədəniyyətlərin inteqrasiyasını sürətləndirən amillərdəndir. Klassik intibahdakı antik mədəniyyətə qayıdışı yeni tarixi epoxada milli-mənəvi dəyərlərə dönüş prosesləri əvəz edir. 70 illik sovet rejiminin uzun müddət arxa plana keçirdiyi milli-mənəvi dəyərlərin ölkənin antik sərvəti kimi dirçəldilməsi prosesinin Naxçıvanda geniş miqyas alması yeni intibahda ölkə faktorunu daha da qüvvətləndirir. 

İslam mədəniyyətinin paytaxtı miqyasında 2018-ci ildə Naxçıvanda keçirilmiş elmi-mədəni tədbirlər, bərpa olunan və inşa edilən məscidlər və mədəni-tarixi abidələr, keçirilən elmi konfranslar, çap olunan əsərlər, təşkil olunacaq şənliklər çox fərqli və əhəmiyyətli bir dirçəlişin göstəriciləridir. Bu genişmiqyaslı prosesin adı intibahdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu ilin may ayında Naxçıvan səfəri zamanı regionda milli intibaha aparan hərtərəfli inkişaf proseslərinin getdiyini qiymətləndirərək demişdir:

“Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində muxtar respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünyada rekord göstəricidir. ...Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları... əlbəttə ki, respublikanın potensialını artırır. ...Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır. ...Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. ...Bilirəm ki, bu gözəl hadisə ilə bağlı ...çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi isə gözəl insanları olan məkan var. Bu məkanın adı Naxçıvandır”.

Müstəqillik dövründə Naxçıvanın keçdiyi çətin, məsuliyyətli və şərəfli yol hərtərəfli müasir inkişafın parlaq bir nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yorulmaz fəaliyyəti və böyük əzmi ilə əsaslı şəkildə yenidən qurulan Naxçıvan Muxtar Respublikasının 2017-ci ildə Azərbaycanın iqtisadi rayonları arasında birincilik qazanması bu diyarda baş vermiş böyük inkişafın geniş miqyasını təsəvvür etməyə imkan yaradır. 

Muxtar respublika hazırda Azərbaycanın tərkibində bütün yönləri ilə inkişaf etmiş ictimai-siyasi, iqtisadi-mədəni və elmi mərkəzi kimi nümunə göstərir. Son günlərdə Azərbaycan Əlahiddə Ordusu Naxçıvan birləşmələrinin Şərur rayonunun Danzik kəndi ərazisindəki Qızılqaya yüksəkliyini fəth edərək orada böyük həcmdə torpaqlarımızı işğaldan azad etməsi Naxçıvandakı müasir inkişafın doğurduğu dərin milli iftixar duyğusunu bir daha qüvvətləndirmişdir.

Əlbəttə, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin parlaq bir hadisəsidir. Bu, ölkəmizin bu diyarının sürətli inkişafına təkan verməklə yanaşı, həm də Naxçıvanı dünyaya tanıtmaq, blokadanı bir daha qırmaq, böyük yüksəliş üçün yeni qapılar açmaq məqsədlərinin həyata keçirilməsinə xidmət edən müdrik bir siyasətdir. Heç şübhə yoxdur ki, Naxçıvanda İslam Mədəniyyətinin Paytaxtı tədbirlərinin yüksək səviyyədə keçirilməsi həmin istiqamətlərin hər biri üzrə yeni inkişafa böyük stimul verəcəkdir. Bu, universitetlər, muzeylər, abidələr, gözəlliklər və zəngin təbii sərvətlər diyarı olan Naxçıvana dünyanın hər tərəfindən tələbə və turist axınlarının genişləndirilməsinə, burada iqtisadi və mədəni əlaqələrin sürətlənməsinə özünün real töhfələrini verəcəkdir. Hazırda İslam mədəniyyətinin paytaxtı olmağın real təntənəsini yaşayan Naxçıvan, ümumiyyətlə, hərtərəfli inkişafa malik böyük mədəniyyət paytaxtı kimi dünyanın diqqətini cəlb edəcəkdir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

"Azərbaycan" qəzeti, 21 iyun 2018-ci il

  • Paylaş: