Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2018 09:43
  • A-
  • A
  • A+

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib

Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimi olub.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxış keçirilib. Tədbir iştirakçıları, həmçinin fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisi ilə tanış olublar.

“Qurani-Kərim”in tilavəti ilə başlayan tədbirdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” filmi nümayiş etdirilib.

Mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açaraq bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakıda keçirilmiş konfransında Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunub.

Ali Məclisin Sədri Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını söyləyərək, tədbirində iştiraka görə qonaqlara təşəkkürünü bildirib. Qeyd edib ki, Naxçıvan artıq orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. On beşinci əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın - elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb.

O, ümummilli lider Heydər Əliyevin İslam ölkələri ilə əməkdaşlığa önəm verdiyini, Prezident İlham Əliyevin də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət göstərdiyini qeyd edib.

Tədbirdə, həmçinin AR Mədəniyyət naziri Əbülfəs Qarayev və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış edərək Azərbaycandakı multikultural, tolerant ənənələrdən danışıblar.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konserti olub.

Qeyd edək ki, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri,  sənətşünaslıq üzrə elmlər doktoru Fərəh Əliyeva, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: