Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.06.2018 08:58
  • A-
  • A
  • A+

Muzeydə “Ordum varsa, yurdum var!” mövzusunda sərgi açılıb

Muzeydə “Ordum varsa, yurdum var!” mövzusunda sərgi açılıb

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Azərbaycan ordusunun 100 illiyinə həsr olunan “Ordum varsa, yurdum var!” mövzusunda sərginin açılış mərasimi keçirilib.

Mərasimdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı hərb tariximizdən, Azərbaycan ordusunun inkişaf mərhələlərindən danışıb.

Akademik N.Vəlixanlı muzeydə Milli ordumuzun tarixini əks etdirən nadir eksponatların gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində rolunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev “Azərbaycan hərb tarixinin öyrənilməsinin vacibliyi” mövzusunda məruzə ilə çıxış edib.

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətini qeyd edən N.Əliyev tədbirin həmin sənədə uyğun olaraq təşkil edildiyini bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolunu vurğulayan professor ümummilli lider Heydər Əliyevin Cümhuriyyətin tarixinə xüsusi əhəmiyyət verdiyini xatırladıb.

Milli Ordumuzun şərəfli tarixi yol keçdiyini diqqətə çatdıran alim hərb tariximizin dərindən araşdırılmasının və öyrənilməsinin vacibliyini söyləyib.

N.Əliyev Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə Azərbaycan, rus və ingilis dillərində “Hərb tarixi”, eləcə də “1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri” və “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” və digər kitablarının nəşr olunduğunu bildirib və həmin nəşrləri muzeyə hədiyyə edib.

Tarix elmləri doktoru Mehman Süleymanovun “26 iyun – Azərbaycan ordusunun yaradılması günü”, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadənin “Muzeyin hazırladığı yeni nəşr – Azərbaycanın qədim dövr silahları” mövzularında məruzələri dinlənilib.

Muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov sərgidə nümayiş etdirilən eksponatlar, nəşrlər və digər materiallar haqqında ətraflı məlumat verib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Azərbaycanda hərb sənətinin inkişafı tarixi mərhələlər üzrə göstərilir, qədim dövrlərdə, orta əsrlərdə və XVIII-XIX əsrlərdə ölkəmizdə istifadə edilmiş silahlar, döyüşçülərin geyimləri nümayiş etdirilir. Bundan başqa, sərgidə 1918–1920-ci illərdə milli ordumuza aid eksponatlar və fotoşəkillər, tarixi sənədlər yer alıb, eləcə də 1941-1945-ci illərdə Azərbaycan diviziyalarının fəaliyyəti, 1945-1990-cı illərdə azərbaycanlıların sovet ordusu sıralarında xidməti işıqlandırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: