Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmdə mənəvi-intellektual varislik
02.07.2018 08:59
  • A-
  • A
  • A+

Elmdə mənəvi-intellektual varislik

2018-ci il iyun ayının 30-da XX əsr Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olmuş, biologiya elmi sahəsində görkəmli alim və ictimai-siyasi xadim, AMEA-nın həqiqi üzvü Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 ili tamam olur. Akademik Cəlal Əliyevin bu yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatında əlamətdar bir hadisədir. Çünki adı Azərbaycanın elmi və ictimai fikir tarixinə qızıl hərflərlə yazılmış akademik Cəlal Əliyevin şəxsiyyəti, elmi, elmi-təşkilati, ictimai-mədəni, praktiki istiqamətləri özündə birləşdirən geniş fəaliyyət spektri, bütövlükdə XX əsrin ikinci yarısı, Azərbaycan elmi və ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynamışdır.

Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaranması və inkişafı məhz Cəlal Əliyevin adı ilə bağlıdır. Onun şərəfli ömür yolu Azərbaycan elminin inkişafına və yüksəlişinə həsr olunmuşdur. Cəlal Əliyevin çətin, lakin şərəfli və mənalı ömür yolu, zəngin elmi fəaliyyəti əsl həyat məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir. Alimin elmi irsi, təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Yüksək intellektə və dərin biliyə malik alim olan Cəlal Əliyev öz fəaliyyəti ilə hər zaman elmi fikrimizi ən yeni nailiyyətlərlə zənginləşdirmişdir.

Hər bir alimin ən böyük xidmətlərindən biri fərdi elmi nailiyyətləri ilə bərabər, özündən sonra elmi məktəb yaratması ilə ölçülür. Cəlal Əliyev Azərbaycan elm tarixində bu baxımdan müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Onun yaratdığı elmi məktəbin şöhrəti Azərbaycanın hüdudlarını aşaraq bütün dünyada tanınmışdır. Onun elmi məktəbinin yetirmələri olan alimlər bu gün dünyanın ən nüfuzlu elmi mərkəzlərində Azərbaycan elmini layiqincə təmsil etməkdədirlər.

Məlumdur ki, Cəlal Əliyevin mənsub olduğu ailə XX əsr Azərbaycanın sosial-mədəni inkişafında, respublikamızda elmi və ictimai düşüncənin formalaşmasında müstəsna rol oynamışdır. Bu ailənin nümayəndəsi, xalqımızın ümummilli lideri Heydər Əliyev istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik mərhələsində Azərbaycanın inkişafında müstəsna xidmətlər göstərmişdir. Müasir Azərbaycanda ictimai-mədəni həyatın elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr içərisində elmin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin elm siyasətinin reallaşmasında Cəlal Əliyevin müstəsna xidmətləri olmuşdur. Heç də təsadüfi deyildir ki, Azərbaycan elminin yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında çoxsaylı elmi uğurları məhz ötən əsrin 60-70-ci illərinə təsadüf edir. Akademik Cəlal Əliyev məhz belə bir şəraitdə fəaliyyət göstərmiş, bu uğurların əsas müəlliflərindən olmuşdur.

Elmin ən uca zirvələrini fəth etmiş Cəlal Əliyevin həyat bioqrafiyası olduqca sadə bir başlanğıca malikdir. O, 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1955-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir. 

Elmi fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Bitki fiziologiyası şöbəsində başlayan Cəlal Əliyev burada laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlmişdir. O, eyni zamanda 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaratmış, onu böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinə qədər inkişaf etdirmiş və 1990-cı ildən etibarən ömrünün sonunadək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə rəhbərlik etmişdir. 1981-1990-cı illərdə Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik-katibi olmuşdur. Uzun illər EA-nın Rəyasət Heyətinin üzvü olmuşdur.

Cəlal Əliyev keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsini qoymuş, onların hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmiş və fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırmışdır.

Cəlal Əliyevin elmi fəaliyyətinin əsas istiqaməti kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərinin tədqiqinə həsr olunmuşdur. O, bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərini öyrənməklə yüksək məhsuldarlığının təməlində duran əsas prinsipləri işləyib hazırlamışdır. Fototənəffüs prosesi ilə bağlı əldə edilən qlobal nəticə isə dünya elminin tarixinə yazılmışdır.

Onun inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilmişdir.

Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri vardır. Cəlal Əliyevin rəhbərliyi altında Azərbaycanda bitki genetik ehtiyatları üzrə Milli Proqram və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi strategiyası və fəaliyyət planı işlənilib hazırlanmış, Bitki Genbankı yaradılmış, Azərbaycanda təbii floranın öyrənilməsi sahəsində mühüm işlər görülmüş, 2013-cü ildə “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşri hazırlanaraq nəşr olunmuşdur. 

Cəlal Əliyev dərin fundamental araşdırmaları böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi. Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının əhəmiyyətli hissəsi taxılçılığın inkişafına yönəlmişdir. Fundamental tədqiqatların nəticələrinin seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən yüksək məhsuldarlığa malik qiymətli buğda sortları yaradılmışdır. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında yüksək səviyyədə qarşılanmışdır.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 25 fundamental monoqrafiya və kitabda, 800 elmi əsərdə və 20 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.

Akademik Cəlal Əliyevin rəhbərliyi ilə 15 elmlər doktoru, 80 elmlər namizədi hazırlanmışdır. Cəlal Əliyevin tələbələri ölkəmizin və dünyanın ən aparıcı elm mərkəzlərində və universitetlərində bu gün də uğurla fəaliyyət göstərərək Azərbaycan xalqını ləyaqətlə təmsil edirlər.

Geniş diapazonlu elmi fəaliyyəti ilə Cəlal Əliyev Azərbaycan elminin təşkili işində və inkişafında, dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində misilsiz xidmətlər göstərmiş və eyni zamanda dünya elminə dəyərli töhfələr vermişdir. 

Alim Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü kimi, fiziki-kimyəvi biologiya sahəsində tədqiqatların genişlənməsinə və düzgün istiqamətləndirilməsinə şərait yaratmışdır.

Cəlal Əliyev 1981-ci ildən ömrünün sonuna kimi “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri” jurnalının baş redaktoru, “AMEA-nın məruzələri” jurnalının və bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və fəxri üzvü olmuşdur.

1999-cu ildə UNESCO-nun nəzdində yaradılmış “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin rəhbəri kimi Cəlal Əliyev insan hüquqları və tibbi, bioloji elmlərin dəyərlərinin Azərbaycan qanunvericiliyinin bioetik prinsiplərinə uyğun tənzimlənməsi və insanların gündəlik həyatlarında onların tətbiqinə çalışmışdır. Onun daimi diqqəti ilə müasir biologiya, kənd təsərrüfatı və tibbdə aparılan tədqiqatların bioetik problemləri və onların həlli yolları aydınlaşdırılmışdır.

Cəlal Əliyev iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Eyni zamanda Beynəlxalq Fotosintez cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2011 və 2013-cü illərdə Bakı şəhərində böyük alimə həsr olunmuş “Davamlı inkişaf naminə fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.

Akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində aparılan fundamental tədqiqatları və əldə edilən böyük nəticələri, mövcud kadr potensialını ( burada 1 nəfər akademik, 4 - AMEA-nın müxbir üzvü, 4 - elmlər doktoru, 22 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir və şöbənin əməkdaşlarının 60 faizini gənclər təşkil edir), molekulyar biologiya və biotexnologiya sahələrinin Azərbaycanda inkişafının aktuallığı və perspektivliyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixli ümumi yığıncağında bu şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və institut 01 iyul 2016-cı il tarixdən müstəqil fəaliyyət göstərməyə başlamışdır.

Akademik Cəlal Əliyevin Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilmişdir. Alim müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “İstiqlal”, “Şərəf” ordenlərinə və Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplom”una layiq görülmüşdür. O, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuş və “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar almışdır. O, Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmiş, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmləri Akademiyasının xarici üzvü, bir çox beynəlxalq cəmiyyətlərin respublikamızda təmsilçisi və üzvü seçilmişdir.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə əsl vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Milli dövlətçiliyin qorunması, Azərbaycanın milli maraqlarının müdafiəsi ilə bağlı Cəlal Əliyevin haqq səsi həmişə ən uca tribunalardan səslənmişdir.

Elmdə mənəvi-intellektual varislik olduqca mühüm faktordur. Akademik Cəlal Əliyev o nadir şəxsiyyətlərdəndir ki, belə bir mənəvi-intellektual varisliyə nail ola bilmişdir. 90 illik yubileyi ərəfəsində Azərbaycan alimlərinin onun ruhu qarşısında həyata keçirə biləcəyi ən böyük missiya Azərbaycan elmini, onun müqəddəs məbədi Elmlər Akademiyasını inkişaf etdirməkdir. Nə qədər ki, Azərbaycanda akademik Cəlal Əliyev kimi ziyalıların yandırdığı elm işığının nuru şölələnəcək, onun ruhu da daim şad olacaqdır.

Akif Əlizadə, AMEA-nın prezidenti, akademik

Asəf Hacıyev, akademik

"Azərbaycan" qəzeti, 30 iyun 2018-ci il

  • Paylaş: