Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Əlişir Nəvainin Əlyazmalar İnstitutunda qorunan ən qədim nüsxələri ilə tanış olub
02.07.2018 09:24
  • A-
  • A
  • A+

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Əlişir Nəvainin Əlyazmalar İnstitutunda qorunan ən qədim nüsxələri ilə tanış olub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov ilə görüş keçirilib. 

Görüşdə Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli  və Paşa Kərimov təmsil etdikləri elm müəssisəsinin yaranma tarixi, burada qorunan əlyazmalar, onların bərpası və elektronlaşdırılması, aparılan elmi-tədqiqat işləri barədə məlumat veriblər.

Söhbət zamanı Əlyazmalar İnstitutunda Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda aparılan tədqiqat işlərindən də bəhs olunub.

Ş.Siracəddinov rəhbərlik etdiyi universitetin fəaliyyətindən, ixtisas istiqamətlərindən danışıb, bu ali təhsil ocağının ölkə əhəmiyyətli bir ideoloji mərkəz və Özbəkistanda mövcud əlyazma abidələrinin toplandığı vahid məkan olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən il universitetimiz ilə M.Füzuli adına Əlyazmalar İnstitutu arasında imzalanmış memorandum çərçivəsində iki elm-tədqiqat müəssisəsi birgə layihə icra edə bilər. O, Əlyazmalar İnstitutunda qorunan Əlişir Nəvainin “Divan”ının Bakı nüsxəsinin fotofaksimelesinin çap olunmasının xalqlarımızın mədəniyyətinin təbliği baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra Əlyazmalar İnstitutunun ekspozisiya zalı ilə tanış olan qonağa burada mühafizə edilən nadir əlyazmalar barədə məlumat verilib. Professor Ş. Siracəddinov Əlişir Nəvainin institutda qorunan əsərlərinin siyahısı və ən qədim nüsxələri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: