www.science.az
05.07.2018 15:56

Beynəlxalq tədbirdə inşaatda informasiya texnologiyalarının tətbiqinə dair müzakirələr aparılıb

İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

AzMİU-nun və AMEA İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları sahəsi üzrə mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Konfransı giriş nitqi ilə universitetin rektoru, professor Gülçöhrə Məmmədova açaraq müasir dövr üçün aktual mövzuya həsr olunan beynəlxalq tədbirin əhəmiyyətindən bəhs edib. O, informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin vacibliyini qeyd edib.

XXI əsrin daha çox elm və texnikanın sürətli inkişafı, elmi və praktiki innovasiyaların, İT texnologiyalarının həyatın bütün sahələrinə tətbiqi ilə səciyyələndiyini vurğulayan rektor İKT-nin inşaata tətbiqinin tikinti şirkətləri üçün yaradacağı üstünlüklərdən danışıb. Bildirib ki, bu gün inşaat sahəsində informasiya texnologiyalarının tətbiqi ilə tikilən yeni binalar, şəhərcik komplekslərinin tikintisi insan əməyi olmadan həyata keçirilir. 

Rəhbərlik etdiyi ali müəssisədə informasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən professor G.Məmmədova universitetin nəzdində İnformasiya texnologiyaları və sistemləri kafedrasının bu inkişafa böyük töhfələr verdiyini diqqətə çatdırıb. O, AzMİU-da akademik Telman Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində multidissiplinar problemlərin araşdırıldığını, mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov çıxış edərək müasir dövrdə elm, təhsil və yeni biliklərin əldə olunmasının mühüm amillərdən olduğunu vurğulayıb.

“İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə inkişafın əsas şərtlərindən sayılır” – deyə bildirən alim hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini bildirib. O, gələcəkdə şəhər tikintisində smart texnologiyaların tətbiqinə daha çox üstünlük veriləcəyini qeyd edib.

Prof. K.İmanov dövlət başçısının apardığı məqsədyönlü islahatlar nəticəsində ölkəmizin innovasiya mərhələsinə qədəm qoyduğunu, bu yolda təmsil etdiyi Agentliyin də müvafiq qurumlara, alim, müəllim və tələbələrə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İT texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq bütün sahələrdə yeni alətlərdən istifadə olunur, müxtəlif xidmətlər göstərən yeni formalı mexanizmlər yaranır.

Ölkəmizdə tikinti sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıran nazir müavini bu inkişafda informasiya texnologiyalarının tətbiqinin rolunu xüsusi vurğulayıb. E.Vəlizadə Əşyaların İnternetinin günümüzün aktuallığına çevrildiyini, dünya ölkələrində inşaat və tikintidə müxtəlif sensorların tətbiq olunduğunu diqqətə çatdıraraq, bu sahədə ölkəmizdə də bir sıra tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya texnologiyalarının inşaatda tətbiqi ilə bağlı çıxış edib. Alim bu gün müasir inkişaf mərhələsində olan Azərbaycanın tikinti sektorunda böyük nailiyyətlərə imza atdığını, son onilliklər ərzində ölkəmizin bu sahədə dünya memarlıq xəzinəsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

“Elektron Bakı” proqramının işlənilməsi və həyata keçirilməsinin vaxtı çatıb” – deyə bildirən akademik R.Əliquliyev Azərbaycan şəhərlərinin elektron şəhərlərə çevrilməsi, ölkədə binaların vahid şəbəkəyə qoşulması üçün müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssisləri birgə fəaliyyət göstərməyə, taleyüklü məsələlərin həllinə diqqət yetirməyə çağırıb.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov da çıxış edərək “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda konfransın keçirilməsini yüksək qiymətləndirib. O, son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə bir sıra nailiyyətlərin əldə olunduğunu deyib.

Konfransın plenar iclasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri, akademik Telman Əliyev və özbəkistanlı alim İbrohiməli Normatovun məruzələri dinlənilib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda 110 məruzənin dinlənilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.