www.science.az
06.07.2018 14:01

“Qızıl balıq” adlı yeni nağıl kitabı çap olunub

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Qızıl balıq” adlı yeni nağıl kitabı işıq üzü görüb.

Kitab həm Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, həm  də xüsusi istedadlı uşaqların aşkara çıxarılması və onlara öz bacarıqlarını göstərmək imkanlarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.

İdeya və məzmununa görə müasirliyi və orijinallığı ilə seçilən “Qızıl balıq” nağılı gənc rəssam Gilan Əzizxanlının rəhbərliyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı əllər” rəsm dərnəyinin üzvləri tərəfindən fırçaya alınıb. Dərnəyin 10-a yaxın üzvü öz fantaziyalarını və bacarıqlarını göstərərək, sözügedən nağılın süjetinə və obrazlarına uyğun rəsmlər çəkiblər. Həmin rəsmlər əsasında nağıl kitabı hazırlanaraq CBS Polygraphic Production mətbəəsində nəfis şəkildə çap edilib.

Yaxın günlərdə balaca rəssamların iştirakı ilə kitabın təqdimatının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, kitabın müəllifi V.Haqverdiyev ölkədə keçirilmiş “Müasir uşaq nağılı” müsabiqələrində, eləcə də analitik yazı müsabiqələrində dəfələrlə yüksək yerlərə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.