Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.07.2018 09:58
  • A-
  • A
  • A+

Naxçıvan ərazisindəki unikal abidələrdə tədqiqatlar davam etdirilir

Naxçıvan ərazisindəki unikal abidələrdə tədqiqatlar davam etdirilir

Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti və təbii sərvətləri qədim mədəniyyətlərin formalaşmasında mühüm rol oynayıb. Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf еdib təşəkkül tapıb. Еramızdan əvvəl üçüncü minilliyin sоnunda iqtisadiyyatın və ticarətin inkişafı Naxçıvanda şəhər tipli yaşayış məskənlərinin yaranmasına imkan vеrib. Naxçıvanda şəhər mədəniyyətinin formalaşması ilə bağlı problemləri aydınlaşdırmaq məqsədi ilə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Duzdağda və Naxçıvan təpədə arxeoloji tədqiqatları davam etdirir.

Tədqiqatlar nəticəsində Duzdağ mədənlərinin dünyanın ən qədim duz mədənləri olduğu aydınlaşdırılıb. Hazırda Duzdağda duzun çıxarılması ilə bağlı infrastukturlar, duzun mübadiləsi və Yaxın Şərq və Cənubi Qafqazda Naxçıvan duzunun əhəmiyyəti ilə bağlı məsələlər araşdırılmaqdadır.

AMEA-nın müxbir üzvü V.Baxşəliyevin bildirdiyinə görə, araşdırmalar zamanı, həmçinin Еnеоlit və Еrkən Tunc, Dəmir dövrünə və Orta əsrlərə аid kеrаmikа məmulаtı, dаş çəkiclər tаpılıb. Müəyyənləşdirilib ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutub. Eneolit dövründən başlayaraq duz, həmçinin mübаdilə vаsitəsi оlub, ticаrət məqsədilə Şərq ölkələrinə аpаrılıb. Həmçinin V.Baxşəliyevin rəhbəri olduğu AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası 2018-ci ilin iyunundan başlayaraq Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşmasının sosial-iqtisadi əsasını müəyyənləşdirmək məqsədilə Duzdağla yanaşı, Naxçıvan ərazisindəki Naxçıvan təpə yaşayış yerində araşdırmaları davam etdirməkdədir. Araşdırmalar göstərir ki, bu mədəniyyət Azərbaycanın cənub rayonlarında çiçəklənib, daha sonra Urmiya gölünün cənubuna doğru yayılıb. Dalmatəpə keramikasının kimyəvi analizi onun yerli istehsalın məhsulu olduğunu göstərib. Belə hesab edilir ki, Dalmatəpə mədəniyyətinin (Urmiya gölünün cənub-qərbində aşkarlanıb, bizim eradan əvvəl 5000-4500-cü illərə aiddir) yayılma arealı Naxçıvanı da əhatə edib. Daha doğrusu Naxçıvan bu mədəniyyətin formalaşdığı areala daxil olub.

Arxeoloq qeyd edib ki, builki tədqiqatlar nəticəsində eneolit dövrünün erkən mərhələsinə - bizim eradan əvvəl beşinci minilliyin əvvəllərinə aid tikinti qalıqları, əmək alətləri, keramika nümunələri aşkarlanıb. Naxçıvan təpə sakinləri başlıca olaraq Göyçə və Sünik obsidianından (dəvəgözü — dağ süxuru olan vulkanik şüşə növü) istifadə ediblər. Mis, duz və obsidian kimi xammal növləri ticarətin və iqtisadi-mədəni əlaqələrin inkişafını stimullaşdırıb, gələcəkdə şəhər mədəniyyətinin formalaşması üçün baza yaradıb. Gələcək araşdırmalar Urmiya hövzəsi və Naxçıvan tayfaları arasındakı əlaqələrin və münasibətlərin xarakterini daha aydın müəyyənləşdirməyə imkan verəcək. Araşdırmalar Dalmatəpə mədəniyyətinin yaranması və formalaşması ilə bağlı məsələlərə də aydınlıq gətirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: