Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində 2018-ci ilin birinci yarısında 455 elmi əsər işıq üzü görüb
11.07.2018 10:29
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində 2018-ci ilin birinci yarısında 455 elmi əsər işıq üzü görüb

AMEA Naxçıvan Bölməsi 2018-ci ilin birinci yarısında bir sıra yeni uğurlar əldə edib.

Qeyd edək ki, hesabat ilində bölmədə 6 elmi isti­qamət üzrə 7 mövzunu əhatə edən 36 iş 84 mərhələdə yerinə yetirilib.

Bölmə əməkdaşlarının 455 elmi əsəri (305 məqalə, 123 konfrans materialı, 3 tezis, 124 qəzet materialı) nəşr edilib. Onlardan 2 monoqrafiya, 52 məqalə və 48 konfrans materialı olmaqla, 102 əsər xaricdə çap olunub. Elmi məqalələrdən 11-i impaktfaktorlu jurnallarda işıq üzü görüb.

Bundan başqa, humanitar və ictimai elmlər seriyası üzrə “Xəbərlər” jurnalının və “Axtarışlar” jurnalının iki nömrəsi çapdan çıxıb. “Qarabağlar Türbə Kompleksi” kitabı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunub. 2018-ci ilin birinci yarısında “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq çapa təqdim edilib. Bölmə əməkdaşları tədqiqat dövründə 4 patent təqdim ediblər.

Bölmədə 9 konfrans, 4 iclas, 13 seminar, 12 kitab və monoqrafiyanın təqdimatı, habelə oxunması zəruri olan 4 kitabın müzakirəsi keçirilib. Qurumun 40 əməkdaşı respublikada və xaricdə keçirilən 20 beynəlxalq tədbirdə məruzələrlə çıxış edib.

Əməkdaşlar Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyə Cümhuriyyətinin İstanbul, Bitlis-Ərən, Ərzurum, Sakarya, İğdır universitetləri, İran İslam Respublikasının Tehran Şəhid Beşişdi, Təbriz Dövlət universitetləri, Təbriz Milli Kitabxanası, Krım Astrоfizika Rəsədxanası və Rusiya Federasiyasının Moskva Dövlət, Tomsk universitetləri, Yer Maqnetizmi, İоnоsferi və Radiо Dalğalarının Yayılması İnstitutu, Ümumdünya Təbiəti Mühafizə Fondu, ABŞ və Fransanın elm və təhsil müəssisələri və digər ölkələrin alimləri ilə səmərəli əməkdaşlıq ediblər.

Bölmədə yerinə yetirilən iki qrant layihəsinə 2018-ci ilin ilk aylarında yekun vurulub. Biri beynəlxalq olmaqla, iki qrant layihəsinin icrası hazırda davam etdirilir.

Birinci yarımildə bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və həmin institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, həmçinin kimya üzrə fəlsəfə doktoru F.Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına və Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü diplomuna layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: