www.science.az
11.07.2018 16:52

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VI Beynəlxalq konfransı işə başlayıb

İyulun 11-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VI Beynəlxalq konfransı (COIA-2018) işə başlayıb.

Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın alim və tədqiqatçı iştirak edir. 

Konfransı giriş sözü ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açaraq informasiya-kommunikasiya texnologiyaları sahəsinin dünyada dinamik inkişafından danışıb. Bildirib ki, bu istiqamət ölkəmiz üçün prioritet sahələrdən biridir və Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Ölkəmizdə qurulan müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun dünya standartlarına uyğunlaşdırılması istiqamətində davamlı iş aparılır.

Diqqətə çatdırılıb ki, ölkə Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqramda yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil əlaqələrinin genişləndirilməsi, xaricdə yaşayan azərbaycanlı alim və mütəxəssislərlə birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası AMEA, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub.

Nazirliyin AMEA-nın rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq etdiyini deyən R.Quluzadə birgə əməkdaşlığın ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcəyinə əminliyini ifadə edib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalının təsir əmsalına görə dünyanın 252 nəşri içərisində 19-cu yerdə qərarlaşdığını qeyd edib.

Sonra Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən olduğunu deyib. Rektor adıçəkilən sahənin BDU-da da aparıcı istiqamətlərdən biri olduğunu vurğulayıb. Elmin inkişafına Azərbaycan dövləti tərəfindən göstərilən dəstək, diqqət və qayğıya görə minnətdarlığını da ifadə edən A.Məhərrəmov məhz bu səbəbdən beynəlxalq reytinqlərdə ölkəmiz üzrə göstəricilərin ilbəil artmasını nəzərə çatdırıb.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, akademik Fikrət Əliyev isə konfransın tarixindən və əhəmiyyətindən söz açıb. Bildirib ki, artıq 3-cü dəfədir Bakıda keçirilən konfrans akademik mühit və ali təhsil müəssisələrindən olan tədqiqatçıların, eyni zamanda, tələbələrin fikirlərini bölüşmək, eləcə də son elmi nəticələri müzakirə etmək üçün platforma rolunu oynayır. 

Daha sonra ABŞ universitetinin tanınmış professoru Tamer Başarın konfransa təbrik məktubu oxunub. Tədbirdə ukraynalı alim, professor Vladimir Larin və digərləri çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin də geniş müzakirəsi nəzərdə tutulur.

Konfransın mövzularına “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, "Fazi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi istiqamətlər daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.