www.science.az
12.07.2018 11:48

Tarix İnstitutu tərəfindən yeni kitablar çap olunub

AMEA Tarix İnstitutu “XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun ikinci və üçüncü cildlərini, o cümlədən “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabını çap etdirib.

Rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi bu elm müəssisəsinin Ümumi tarix şöbəsinin müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazildir.

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi şurasının qərarı ilə çap olunan topludakı sənədlərin transliterasiyası, “Ön söz” və şərhlər prof. Tofiq Mustafazadəyə məxsusdur.

Üçcildlik topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən götürülüb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar yer alıb. XVIII əsrdə çap olunmuş və hazırda nadir tapılan bir neçə əsər də topluya daxil edilib. Topluda yer alan sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir.

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabında həmin dövrdə Azərbaycanın yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.