Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmin populyarlaşdırılması və təbliği AMEA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir
19.07.2018 11:44
  • A-
  • A
  • A+

Elmin populyarlaşdırılması və təbliği AMEA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir

Elm və elmi biliklərin cəmiyyətdə təbliği hər zaman aktual mövzulardan olub. Elmin piarını yüksək səviyyədə təşkil etmək isə əsasən də elmi jurnalistlərin üzərinə düşən vəzifədir. Təsadüfi deyil ki, dünyada elmi jurnalistika KİV aləmində mühüm yer tutur. Son illər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmin populyarlaşdırılması və kütləvi təbliği, bu sahə üzrə ixtisaslaşdırılmış kadr hazırlığı istiqamətində zəruri tədbirlər görülür. AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva akademiyada elmin populyarlaşdırılması və kütləvi təbliği istiqamətində aparılan işlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb:

- Elm bütün zamanlarda cəmiyyətin, istənilən fəaliyyət sahəsinin tərəqqisində müstəsna rol oynayıb. Elmi biliklərin təbliği hər bir vətəndaşın intellektual potensialının inkişafında mühüm amildir. Bu baxımdan Azərbaycan elminin kütləvi təbliği üçün bu gün hansı işlər görülür?

- Müasir dövrdə dünyada elmə böyük maraq var, onun auditoriyası çox genişdir. Cəmiyyətin bu sahədə zəruri informasiya ilə təminatına heç vaxt olmadığı kimi böyük tələbat vardır ki, bu da elm və texnikanın dinamik inkişafı ilə bağlıdır. Bu baxımdan elmin təbliği yetərli qədər böyük əhəmiyyət kəsb edən məsələdir. Bu sahədə işlər yüksək səviyyədə təşkil olunmalıdır, əks təqdirdə bu, elmin ictimai əhəmiyyətinin getdikcə itirilməsinə gətirib çıxara bilər. Bu gün elmin populyarlaşdırılması və təbliği AMEA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu məsələyə böyük həssaslıqla yanaşır, jurnalistlərə hər zaman lazımi dəstəyi göstərir. Ötən il AMEA rəhbərinin sərəncamı ilə elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə “AMEA Rəyasət Heyətinin mükafatı” da təsis edilib. Mükafat elmi-populyar üslubda hazırlanan əsərləri dəyərləndirmək, alim və mütəxəssisləri elmi-populyar yaradıcılığa təşviq etmək məqsədi daşıyır.

İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tabeliyində olan mətbu orqanlar, veb-portal, şəbəkə telekanalı elmi informasiyaların geniş auditoriyaya çatdırılması, KİV-də təbliğində müstəsna rol oynayır. AMEA-nın elm.gov.az meqaportalı artıq 23 ildir ki, Azərbaycan elminin təbliği ilə məşğuldur. Portalda minlərlə elmi informasiya yerləşdirilib, buraya edilən müraciətlərin sayı isə ildən-ilə artmaqdadır. Ötən ilin statistikasına görə, portala edilən müraciətlərin sayı 2 milyonu ötüb. Demək olar ki, ölkənin əksər mətbu orqanları, əsas xəbər saytları Azərbaycan elmində baş verən hadisələrdən ilk olaraq bu portal vasitəsilə xəbər tutur, ona istinadlar çoxdur.

İdarənin Elm TV internet televiziyasının fəaliyyətini də qeyd etmək lazımdır. Bu şəbəkə telekanalı peşəkar və məhsuldar fəaliyyəti ilə akademiyanın elmi müəssisə və təşkilatlarında çəkilişlər aparır, Azərbaycan elmində əldə olunan nailiyyətləri işıqlandırır, yaradıcı komanda tərəfindən sənədli filmlər çəkilir. Bir sözlə, bu kanal Azərbaycan elmi irsinin salnaməsinin yaradılması, mərkəzləşdirilmiş və sistemləşdirilmiş şəkildə qorunub saxlanılmasında yaxından iştirak edir, öz dəyərli töhfələrini verir.

İdarə AMEA-nın tədbirlərində jurnalistlərlə fəal iş aparır. Akademiyanın fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq xarici qəzet və jurnallarda, elektron KİV-lərdə də işıqlandırılır. Rusiya Elmlər Akademiyasının rəsmi mətbu orqanı olan “Poisk” qəzetində mütəmadi olaraq Azərbaycanda aparılan tədqiqatlar, əldə edilən nəticələr haqqında geniş materiallar yer alır.

Görülən işlər birmənalı olaraq elmin təbliğatının vüsət almasına xidmət edir. İdarə elm və elmi biliklərin yayılmasında mühüm rol oynayan AMEA-nın institut və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili məsələlərini də diqqət mərkəzində saxlayır. Bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə birgə treninqlər təşkil olunur, o cümlədən informasiya resurslarının müxtəlif meyarlar üzrə monitorinqi aparılır. Veb-texnologiyaların müxtəlif istiqamətləri, saytların işinin təşkili və idarə olunması, informasiya təminatı, veb-analitika, təhlükəsizlik mövzularına geniş yer verilir.

Tanınmış elmi jurnalistlərlə, o cümlədən alim-populyarizatorlarla görüşlərin təşkili, təlimlərin, müsabiqələrin və s. keçirilməsi, müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması idarənin qarşısında duran vəzifələrdəndir.

- 2016-cı ildə AMEA Rəyasət Heyəti tərəfindən akademiyanın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələrinin yaradılması ilə bağlı qərar qəbul edilib...

- Bu qərara qədər bəzi institut və təşkilatlarda həmin vəzifəni müxtəlif adlar altında - informasiya şöbəsi, mətbuat xidməti, informasiya və informasiya texnologiyaları şöbəsi və s. kimi həyata keçirən struktur bölmələri fəaliyyət göstərirdi. İctimaiyyətlə əlaqələr şöbələrinin olmadığı institutlarda isə bu işə məsul şəxslər təyin olunmuşdu. Qurumun informasiya siyasətinə cavabdehliyi onlar daşıyırdı. Bütün institut və təşkilatlarda ictimaiyyətlə əlaqələr şöbələrinin yaradılması elmin informasiya təminatının gücləndirilməsi, əsasən də kadr hazırlığı baxımından akademiya həyatında, doğrudan da, taleyüklü məsələdir. Təsəvvür edin bu, akademiyada müvafiq elm sahələri üzrə ixtisaslaşan böyük bir elmi jurnalist ordusunun, professional qələm sahiblərinin yetişdirilməsi, peşəkarlaşdırılması deməkdir. Çünki alim-populyarizatorlarla birgə onlar da Azərbaycan elminin təbliğində aparıcı rol oynayırlar. Elmi-populyar üslubda yazıb-yaradan kadrların yetişdirilməsi elmimizin dünyada tanıdılması, o cümlədən Azərbaycan reallıqlarını əks etdirən, elmi faktlara əsaslanan informasiyaların, məqalələrin vüsət alması missiyasına xidmət edir.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu şöbələrin fəaliyyəti idarə tərəfindən əlaqələndirilir. İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi mütəmadi olaraq müxtəlif səpkili tədbirlər keçirir, mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edir. Hazırda qarşıya qoyulan məsələlərdən biri elmi-populyar üslubda hazırlanan materialların vahid informasiya resursunda toplanması üçün online olaraq Elmi Jurnalistlər Klubunun - www.ejk.az veb-saytının yaradılmasıdır. Saytda yalnız AMEA üzrə deyil, həm də respublika üzrə bu üslubda yazan müxbirlərin materiallarının yerləşdirilməsi nəzərdə tutulub ki, bu da müvafiq sahədə görülən işlərin monitorinqinin aparılması, mövcud vəziyyətin qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

- Yeri gəlmişkən, bu gün Azərbaycan elminin dünyada təbliğatının istənilən səviyyədə olmadığı deyilir.

- Təbliğatın dünya səviyyəsində aparılmasının öz tələbləri var. İlk növbədə, bu, bilavasitə xarici dil bilikləri ilə bağlıdır. Elmi populyarlaşdırmaq istəyən jurnalist fikri asan şəkildə ifadə etmək üçün xarici dilləri mükəmməl bilməlidir. Çox təəssüf ki, elmin populyarlaşdırılması ilə illərdir ki, məşğul olan, lakin xarici dilləri istənilən səviyyədə bilən peşəkar kadrlar azdır. İkinci şərt dünyada məşhur elmi-populyar jurnallarla davamlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Məsələn, “National Geographic”, “Popular Science”, “Discover”, “Scientific American” kimi dərgilər vardır ki, burada mütəmadi olaraq məqalələrin yerləşdirilməsi elmimizin təbliğatında vacib məqamlardandır. Yalnız bu halda Azərbaycan elminin dünyada təbliği istənilən səviyyədə vüsət alacaq. Digər tərəfdən burada jurnalistin yaxşı qonorar almaq şansı da olur. Əgər davamlı şəkildə əməkdaşlıq edərsə, həm bir elmi jurnalist kimi imzası dünyada tanınar, həm də Azərbaycan elmini təmsil etmiş olar.

Onu da nəzərə almaq lazımdır ki, bu gün həm də yeni nəsil elmi jurnalistlər yetişməkdədir. Onlara dəstək olmaq lazımdır. Burada alim-populyarizatorların, bu sahə üzrə peşəkar qələm sahiblərinin fikir və tövsiyələri, təcrübələri gələcəyin müxbirləri üçün böyük önəm daşıyır. Elmi jurnalistikanın tədrisi sahəsində də yetərli qədər görülməli işlər var. Jurnalistika fakültələrində bu istiqamətdə mühazirələrin, treninqlərin təşkili müvafiq sahənin inkişafında mühüm addımlardan olardı.

Dünyanın bir sıra ölkələrində elmi jurnalistikanın tədrisi yüksək səviyyədə qurulub. Məsələn, Böyük Britaniyada elm və cəmiyyətin dialoqu dövlət siyasətinin tərkib hissəsidir. Müvafiq biliklərə malik elmi kommunikasiya üzrə mütəxəssislərin, elmlə cəmiyyət arasındakı münasibətləri, əlaqələri idarə etməyi bacaran kadrların hazırlanması məqsədilə ayrıca institutlar yaradılıb. İngiltərədə üç universitet elmi jurnalistika üzrə magistr dərəcəsi səviyyəsində kurslar təklif edir. On bir təhsil ocağında elmi kommunikasiya (science communication) üzrə kurslar vardır ki, bu universitetlərdən səkkizində magistr və tələbələr hazırlanır. BBC-nin Jurnalistika Kolleci ilə “Reuters” informasiya agentliyinin birgə əməkdaşlığı sayəsində jurnalistlər üçün elm üzrə treninqlər təşkil edilir.

Ümumi profilli müxbirlər üçün elm üzrə xüsusi treninqlərin keçirilməsi bu sahə üzrə ixtisaslaşan jurnalistin təhsilindəki boşluqları aradan qaldırmaq məqsədi daşıyır. Kral Elmi Cəmiyyəti və Britaniyanın tədqiqat şuraları tərəfindən təkcə jurnalistlər üçün deyil, alimlər üçün də jurnalistikanın əsasları və kommunikasiya üzrə təlimlər təşkil olunur. Bundan başqa, elmi jurnalist elmi problemləri daha keyfiyyətli şəkildə ifadə etmək üçün qrant qazanıb bir il müddətinə təhsil almaq, ixtisasını artırmaq üçün işindən uzaqlaşa bilər.

- Müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin elmin populyarlaşdırılması və təbliği sahəsində fəaliyyətini necə dəyərləndirirsiniz?

- İstənilən səviyyədə deyil. Amma birmənalı şəkildə demək ki, heç bir iş görülmür, bu da düzgün olmaz. Xəbər saytlarında, qəzet və jurnallarda vaxtaşırı müsahibələr, məqalələr verilir, amma elmi jurnalist kimi bu sahənin peşəkarı olmaq üçün illər uzunu çalışmaq lazımdır. Elm adamlarından, o cümlədən xaricdə yaşayan alimlərimizdən alınan müsahibələri, onların elmi fəaliyyəti ilə bağlı hazırlanan materialları izləyirəm, lakin tədqiqatların əhəmiyyətinin, vacibliyinin ictimaiyyətə çatdırılması baxımından vəziyyət heç də arzu olunan səviyyədə deyil. Jurnalist bir elmi-populyar məqalənin hazırlanması üçün əvvəlcə müvafiq elm sahəsi üzrə məlumatlı, alimin tədqiqatlarından, həmçinin müasir dövrdə dünyada həmin sahədə aparılan işlərin vəziyyətindən xəbərdar olmalıdır. Bu, onun müsahibi ilə peşəkar səviyyədə söhbət aparması və lazımi informasiyanı əldə edə bilməsi baxımından mühüm şərtdir. Müxbir məqaləni elə hazırlamalıdır ki, alimin fikirləri kütlə tərəfindən asanlıqla qavranılsın. Elmi-populyar üslubda hazırlanmayan məqalənin kütləvi təbliğinə nail olmaq mümkün deyil. Çünki populyarlaşdırılmayan elm və elmi biliklər oxucu tərəfindən yaxşı mənimsənilməyəcək, onun təbliğatı uğurla aparılmayacaq. Məqalənin hazırlanması prosesinin özü də yetərli qədər vaxt tələb edir ki, bu da xəbərlərin operativ çatdırılmasında olan güclü rəqabətin aparıldığı dövrdə hər jurnalistin müraciət edəcəyi mövzu deyil.

Başqa bir tərəfdən, bu məsələdə həm də ixtisaslaşma böyük rol oynayır. Cəmiyyətdə bu mövzulara sifariş var. Amma medianın bu tələbatı ödəyə bilməsi məsələsində çətinliklər müşahidə olunur. Humanitar təhsilli jurnalistin fizika, kimya, informatika, kibernetika sahələri üzrə elmi-populyar üslubda məqalə hazırlaması heç də asan deyil. Burada ixtisaslaşma böyük əhəmiyyət kəsb edir. Bioloq üçün müvafiq sahədə aparılan tədqiqatların mahiyyətini daha dərindən başa düşməsi baxımından elmi-populyar məqalə hazırlamaq daha asan olacaq. Amma humanitar sahə üçün bu, təbii ki çətindir. Məsələn, lenta.ru saytının təcrübəsinə nəzər salaq. Orada jurnalistika təhsili olanları işə qəbul etmirlər. Elm şöbəsində elmi xəbərləri hazırlayanlar yalnız fizika, biologiya elmləri namizədləridir.

Göründüyü kimi, elmi mövzuda məqalə hazırlamaq mürəkkəb prosesdir. Hər bir KİV-in elm şöbəsində bu məsələyə müxtəlif cür yanaşıla bilər. Amma bir reallıq da vardır ki, ixtisaslaşmadan asılı olmayaraq peşəkar elə peşəkardır, yetər ki bu sahəyə həvəs və maraq olsun.

- Elmin populyarlaşdırılmasında əsas rolu kimlər oynayır, jurnalistlər, yoxsa alimlər?

-Burada əsas yük, məsuliyyət deyərdim ki, müxbirlərin üzərinə düşür. Elmin cəmiyyətə nüfuzu çoxmilyonlu oxucu, dinləyici və izləyici sayəsində mümkün olur ki, burada əsas rolu qələm sahibləri oynayırlar. Onların işi elm, media və cəmiyyət arasında ünsiyyət, kommunikasiya yaratmaqdır. Bu, bir növ piramidanı xatırladır. Bu piramidanın başında isə media durur. Çünki elmi bilikləri alimlərdən alaraq populyarlaşdırıb cəmiyyətə ötürən məhz KİV-dir.

Alimlər, ilk növbədə, elmi məqalələrin hazırlanmasına üstünlük verir ki, bu da təbiidir. Çünki alim dünyada elmi məqalələri ilə tanınır, məqaləni populyarlaşdırmaq isə ikinci plandadır. Elm adamları fəaliyyətlərinin geniş auditoriyaya çatdırılmasında hər zaman maraqlı olmalı, bu işdə jurnalistlərə kömək etməlidirlər. Əldə etdikləri nəticələrin, elmi biliklərin cəmiyyətə çatdırılması üçün ictimaiyyət ilə daim dialoqun qurulması onların fəaliyyət istiqamətlərindən biri olmalıdır. Rusiyada tanınmış elmi jurnalist Tatyana Piçuqina bu istiqamətdə “Hər bir jurnalist elm, hər bir alim isə jurnalistika haqqında nəyi bilməlidir” sərlövhəli maraqlı bir məqalə yazıb.

- Milli internet-media sahəsində hazırkı durumu necə dəyərləndirirsiniz? Necə düşünürsünüz, bu sahədə problemlər çoxdurmu?

- Bu gün cəmiyyətdə ictimai fikrə təsir imkanları baxımından artıq veb-saytlar, şəbəkə telekanalları da televiziya və radio ilə demək olar ki, eyni yeri bölüşməkdədir. Bu informasiya resursları çox sürətlə inkişaf edir. Hazırda dünyada bir milyarddan çox veb-sayt mövcuddur. Milli domen zonasında isə 30 minə yaxın veb-sayt qeydə alınıb. Təbii ki, istənilən sahə kimi internet-medianın da özünə görə problemləri var. Çox təəssüf ki, bu problemlərin önündə qeyri-peşəkarlıq deyilən bir məfhum dayanır. Bu gün kütləvi informasiya vasitələrində peşəkarlıq problemi özünü qabarıq şəkildə göstərməkdədir. Keyfiyyətli, sanballı yazıların əks olunduğu KİV-lər heç də çox deyil. Xüsusən də internet-media qurumlarında kadrların yetişdirilməsi, inkişaf etdirilərək püxtələşməsi üçün ciddi tədbirlər görülməlidir.

Xəbərlərin operativ yerləşdirilməsində rəqabətin gücləndiyi bir vaxtda yeni mediada “copy-past” vərdişinin vüsət alması həlli vacib olan məsələdir. Bu, veb-müxbirin bir yaradıcı qələm sahibi kimi inkişafına mane olan amillərdəndir. Bir tədbir haqqında materialın surətinin çıxarılaraq yeknəsəq xəbərin bütün saytlarda və qəzetlərdə əksini tapması heç də yaxşı göstərici deyil. Bakıda medianın problemləri üzrə təşkil olunan mötəbər tədbirlərdə də xarici media şirkətlərinin rəhbərləri onlarda da eyni problemin mövcud olduğunu qeyd edirlər. Ümumiyyətlə, bu problem bütün dünyada yaşanır.

Digər bir məqam da müasir dövr jurnalistinin “press-relizlər”lə kifayətlənməsi ilə bağlıdır. Düzdür, çalışırlar ki, informasiyanı operativ yaysınlar, rəqabətdə öndə olsunlar. Amma hər tədbir təşkilatçısının ictimaiyyətlə əlaqələr şöbəsinin təqdim etdiyi materialın keyfiyyətinə etibar etmək də olmaz. Burada da nöqsanlar var. Digər tərəfdən, tədbirlərdə əlavə olaraq başqa aktual mövzulara da toxunulur ki, bunları da qələmə almaq, üzərində işləmək lazımdır. Keyfiyyətli, akademik səviyyədə yazan jurnalistlərimizin sayı deyərdim ki, azdır. Bu isə çox ciddi məsələdir.

Xəbər portalları və saytlarda orfoqrafik, qrammatik, üslub səhvləri də az deyil. Nəzərə almaq lazımdır ki, gənc nəsil mütəmadi olaraq bu saytları oxuyur, axı KİV-in bir missiyası da maarifləndirməkdir. Belə səhvlərin olması onları Azərbaycan dilinin normalarına laqeyd yanaşmağa sövq edir. AMEA-nın Dilçilik İnstitutu bu istiqamətdə mütəmadi olaraq monitorinqlər aparır. Məncə, bu kimi problemlərin aradan qaldırılması üçün aparılan monitorinqlərin nəticələri, təklif və tövsiyələrin əks olunduğu maarifləndirici broşürlər, ekspres-informasiyalar hazırlanmalıdır. Bu materiallar KİV rəhbərlərinə təqdim edilməli, televiziyada, qəzet və xəbər saytlarında çalışan hər bir jurnalistin masası üzərində olmalıdır. Ümumiyyətlə, peşəkarlıq, keyfiyyətli informasiya istehsalı həyatını jurnalistika sahəsinə bağlayan qələm sahibinin əsas meyarı olmalıdır.

Başqa bir problem jurnalistlərin, xüsusən də bu sahədə yenicə çalışmağa başlayan gənc kadrların materialı müsahibin dediklərini araşdırmadan qələmə almasıdır. Bu kimi hallar təbii ki, qarşı tərəflərin hər zaman haqlı narazılığına səbəb olacaq. Peşəkar jurnalist odur ki, hər müsahibin dediklərini qələmə almazdan öncə üzərində işlədiyi mövzunu dərindən araşdırsın. Əgər birisi söyləyirsə ki, hansısa bir sahə inkişaf etməyib və hətta bu istiqamətdə kadr belə yoxdur, müxbir əvvəlcə bu barədə araşdırma aparıb müvafiq qurumlar tərəfindən görülən işlərlə maraqlanmalı, sonra müsahibəni hazırlamalıdır. Yalnız belə olan halda müxbir müsahibin fikirlərinin qərəzli olduğunu dəqiqləşdirə bilər.

Bu kimi problemlərin meydana çıxması media sahəsində çalışanların böyük bir hissəsini təşkil edən gənc kadrların müəyyən hissəsinin cəmiyyət qarşısında məsuliyyətini tam dərk etməməsindən qaynaqlanır. Amma onların yazılarını heç olmasa nəzərdən keçirən redaktorları var, görünür, burada da problemlər mövcuddur. Müsahibənin əvvəlində bunun bir araşdırma yazı olduğunu qeyd etmək, əslində isə hər deyilən kəlməni araşdırmadan qələmə almaq jurnalistin peşə etikası ilə bağlı problemlərindən də xəbər verir. Düşünürəm ki, bu kimi halların yaranmaması üçün hər bir redaksiyada, qurumda kadr hazırlığı məsələlərinə olduqca ciddi yanaşılmalıdır.

- Müsahiblərlə müxbirlər arasında anlaşılmazlıqlar sizcə, daha çox nədən qaynaqlanır? Bəzən bu kimi hallar mediada jurnalistlərin ünvanına təhqiramiz fikirlərin səsləndirilməsinə qədər gətirib çıxarır...

- Təhqirə istənilən halda yol vermək olmaz. Bu kimi insidentlər baş verdikdə, öncə tərəflərin arqumentlərini dinləmək lazımdır. Əksər hallarda belə münaqişələrin yaranmasına səbəb informasiyanın təhrifi olur. Əgər jurnalist müsahibinin sözlərini düzgün ifadə etməyibsə, mənasını dəyişdiribsə və bununla da onun cəmiyyətdəki nüfuzuna xələl gətiribsə, ictimai qınaq obyektinə çevrilməsinə səbəb olubsa, o zaman rəsmən üzr istəməyi də bacarmalı, bağışlanmasına etika çərçivəsində nail olmalıdır. Məsələn, götürək elm adamlarını. Alimlərin jurnalistlərə müsahibə verərkən ehtiyat etdikləri məqamlardan ən birincisi də elə budur – fikirlərin təhrif edilməsi və cəmiyyətə qeyri-səhih informasiyanın ötürülməsi. Elmi jurnalistika yetərli qədər mürəkkəb sahədir. Bu istiqamətdə material hazırlayarkən diqqətli olmaq lazımdır. Çünki jurnalist hazırladığı materiala görə ictimaiyyət qarşısında tam məsuliyyət daşıyır. Onun vəzifəsi peşə borcunu vicdanla yerinə yetirməkdir. Tanınmış alimin fikirləri isə kütlə üçün hər zaman maraqlı olur, böyük önəm kəsb edir, həm də etibarlı mənbə hesab olunur. Bir materialın yüzlərlə, minlərlə oxucusu olur və əgər bunu bir sıra KİV də yayırsa, onda oxucuların sayı artıq milyonlarla ölçülə bilər. İndi təsəvvür edin ki, bir fikrin təhrifi cəmiyyətdə necə rezonans yarada bilər. Odur ki, qələmlə, sözlə zarafat etmək olmaz. Məsəl var deyərlər: “Söz var dağa qaldırar, söz var dağdan endirər”. Digər bir məqam - müsahiblə əlaqə saxlamadan, məsələyə aydınlıq gətirmədən mediada onun adından verilən yazıya görə onu qınamaq, ünvanına etik normalara sığmayan fikirlər səsləndirmək də yolverilməzdir.

- Milli mətbuatımızın 143 illiyi ərəfəsində həmkarlarınıza sözünüz...

- Yalnız keyfiyyətə xidmət etməli, heç bir halda ruhdan düşməməli, yazıb yaratmalı, problemlərin həllinə lazım gələrsə dəfələrlə cəhd göstərilməlidir. Həmkarlarıma öz fəaliyyətlərində daha diqqətli olmağı, eyni zamanda, güclü iradə, səbr, entuziazm və uğurlar diləyirəm.

  • Paylaş: