Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb
23.07.2018 11:01
  • A-
  • A
  • A+

Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası bölgə ərazisində arxeoloji tədqiqat işlərini davam etdirir.

İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin verdiyi məlumata görə, tədqiqatlar nəticəsində Tovuzda 9 min il yaşı olan yaşayış məskəni aşkarlanıb. Bu isə Cənubi Qafqazda ən qədim insan məskənlərinin məhz Azərbaycan ərazisində mövcud olduğunu bir daha sübut edir.

Arxeoloq hazırda həmin ərazidə yerli və əcnəbi mütəxəssislər tərəfindən qazıntı işlərinin aparıldığını və yarım hektardan çox ərazidə iki təbəqədən ibarət qədim kəndin aşkarlandığını da bildirib. O, qədim kəndin birinci təbəqəsində 200 kvadratmetr ərazidə axtarışların davam etdirildiyini deyib.

F.Quliyevin sözlərinə görə, qazıntılar zamanı mindən çox saxsı qab hissələri, misdən olan sırğa qalığı, sivri daşlardan ov silahı və yer şumlamaq üçün alət qalıqları tapılıb. Bildirib ki, burada tapılan maddi mədəniyyət nümunələri neolit dövrünə təsadüf edir və erkən əkinçilik mədəniyyətini təcəssüm etdirir.

Arxeoloq gələn ildən etibarən tədqiqat işlərinə Yaponiya ilə yanaşı, Fransa, Türkiyə və Bolqarıstandan da arxeoloqların cəlb olunacağını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: