AMEA-nın Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının və Azərbaycan Dövlət İqtisad Universitetinın alimlərinin birgə hazırladıqları “Azərbaycanın regionlarında istehsal olunan südün mikrobioloji təhlükəsizliyi prinsipləri” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” qrant müsabiqəsinin qalibi olub.
Layihənin əsas məqsədi Azərbaycanın regionlarında südün təhlükəsizliyinin mikrobioloji göstəricilərinin öyrənilməsidir.
Tədqiqatların aparılması üçün süd nümunələri Azərbaycanın Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarından götürüləcək. Tədqiq olunan süd nümunələrində göbələk və bakteriya kulturaları ayrılacaq, südün mikroorqanizmlərlə çirklənmə dərəcəsi təyin olunacaq, bəzi zəhərli bakteriyaların yayılma səviyyəsi öyrəniləcək və Azərbaycan regionlarında hasil olunan südün mikrobioloji təhlükəsizliyinə təsir göstərən amillər müəyyənləşdiriləcək. Layihə 12 ay müddətində həyata keçiriləcək.
Tədqiqat işi süd xammalının keyfiyyətinin artırılması, ondan alınan məhsullarının əmtəə-texnoloji qiymətləndirilməsi, istehsalın iqtisadi səmərəliliyinin artırılması və ölkəmizin ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.