Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2018 10:14
  • A-
  • A
  • A+

“Şəhidlik” adlandırılan massivdə aparılan arxeoloji tədqiqatların ilkin nəticələri məlum olub

“Şəhidlik” adlandırılan massivdə aparılan arxeoloji tədqiqatların ilkin nəticələri məlum olub

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiyanın Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində apardığı tədqiqatların ilkin nəticələri məlum olub.

Arxeoloq Q.Ağayevin verdiyi məlumata görə, cari ilin iyul ayından etibarən Pirquluoba kəndinin yaxınlığındakı 4 hektar 82 kv.m sahəni əhatə edən massivin 50 sotluq sahəsində arxeoloji tədqiqatlar aparılıb. Tədqiqatlar nəticəsində İslam qanunlarına uyğun olaraq üzü qibleyə doğru istiqamətlənmiş skeletin aşkar olunduğu 2 saylı qəbirdən götürülmüş insan qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim edilib.  İlkin rəyə əsasən, insan qalıqlarının 100 il bundan əvvəl öldürülmüş 15-25 yaş arasında insana məxsus olduğu bildirilir.

“Burada dəfn edilən insanların hansı şəraitdə ölməsinə tarixi və arxiv araşdırmalarından sonra son rəy veriləcəkdir” - deyə Q.Ağayev əlavə edib.

Qeyd edək ki, tədqiqatlar Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinlərinin 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz rayon İcra Hakimiyyətinə “Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparılmasına köməklik göstərilməsi ilə bağlı rəsmi müraciətindən sonra başlayıb. Ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı  erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz-İslam Ordusunun hərbçilərinin dəfn edildiyi bildirilir. Məsələ ictimailəşdikdən sonra Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşüb, türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: