Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransa yekun vurulub
10.09.2018 14:48
  • A-
  • A
  • A+

“Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfransa yekun vurulub

AMEA Naxçıvan Bölməsində “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq elmi konfransın yekun iclası keçirilib.

Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçirilən konfransın “Naxçıvanda İslam mədəniyyətinin tarixi”, “Naxçıvanın İslam mədəniyyəti: arxeologiyası və memarlığı”, “Naxçıvanın İslam mədəniyyəti ədəbiyyat və folklorda” və “Naxçıvanın İslam mədəniyyəti mənbələrdə” bölmələri üzrə təşkil olunduğunu diqqətə çatdırıb. Konfransda təqdim edilən elmi məqalələrin əhəmiyyətindən bəhs edən alim bölmələrdə Naxçıvanda İslam mədəniyyətinin əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği istiqamətlərində müzakirələrin aparıldığını deyib.

Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvanda İslam mədəniyyətinin tarixi” adlı bölmə iclasında 11 məruzənin dinlənildiyini qeyd edib. O, təqdim olunan məruzələrin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilən Naxçıvan şəhərinin islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar olduğunu bildirib.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev sədrlik etdiyi “Naxçıvanın İslam mədəniyyəti: arxeologiyası və memarlığı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvanın İslam mədəniyyəti ədəbiyyat və folklorda”, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov isə “Naxçıvanın İslam mədəniyyəti mənbələrdə” adlı bölmələrdə dinlənilən məruzələrin əhəmiyyətindən danışıblar.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov və İstanbul Universitetinin müəllimi, professor Oktay Belli çıxış edərək Naxçıvanda olan türk-İslam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: