Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Şahin Mustafayev Kazanda beynəlxalq forumda məruzə ilə çıxış edib
11.09.2018 16:26
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev Kazanda beynəlxalq forumda məruzə ilə çıxış edib

Cari ilin 4-7 sentyabr tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində UNESCO-nun Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

Forumun əsas məqsədi müxtəlif mədəniyyət, milliyət və dinlərə məxsus insanların bir arada dinc yaşaması və mədəni mirasın qorunmasına dair uğurlu təcrübələri bölüşmək, eləcə də dövlət və elm xadimləri, ictimaiyyət nümayəndələri arasında bu mövzu ətrafında fikir mübadiləsi aparmaq idi.

Tədbirin açılış mərasimində Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, bu ölkənin birinci prezidenti və UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə xüsusi səfiri Mintimer Şaymiyev, UNESCO-nun keçmiş baş direktoru xanım İrina Bokova, UNESCO baş katibinin müavini Xing Qu və digər rəsmi şəxslər çıxış ediblər. Forumun işində 200-ə yaxın xarici alim və ekspert iştirak edirdi.

Azərbaycan elmini Kazanda keçirilən bu beynəlxalq tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. Forum çərçivəsində təşkil olunan “Böyük İpək yolu – dialoq və mədəni yaxınlaşma yolu” adlı konfransda o, “Orta əsrlərdə Volqa-Xəzər ticarət yolunun tarixi və mədəni konteksti” adlı elmi məruzəsini təqdim edib.

Azərbaycan aliminin məruzəsi qonaqlar tərəfindən maraqla qarşılanıb, geniş müzakirələrə səbəb olub.

Forum iştirakçıları həm də Tatarıstan ərazisində yerləşən və UNESCO-nun mədəni irs siyahısına daxil olan Kazan Kremli, Sviyajsk adası, Bulqar şəhəri kimi tarixi, arxeoloji və memarlıq abidələri ilə tanış olmaq imkanı əldə ediblər.

Sonda iştirakçılar tərəfindən bəyannamə qəbul edilib. Bəyannamədə tədbir iştirakçılarının Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun qərarlarını dəstəklədikləri xüsusi olaraq vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: