Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Nuru Bayramovun 55 yaşı tamam olur
17.09.2018 09:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Nuru Bayramovun 55 yaşı tamam olur

Sentyabrın 17-də görkəmli qastroenteroloq-cərrah, Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramovun 55 yaşı tamam olur.

Nuru Yusifoğlu Bayramov 17 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. İlk təhsilini 1970-1980-ci illərdə Nərimanlı kənd orta məktəbində alıb. O, 1980-1986-cı illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci Müalicə-Profilaktika fakültəsində təhsilini davam etdirib.

1986-1988-ci illərdə Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi Xəstəliklər kafedrasında klinik ordinantura, 1988-1991-ci illərdə isə Seçenov adına Moskva Tibb Akademiyası Ümumi Cərrahiyyə kafedrasında aspirantura keçib.

N.Bayramov 1991-1994-cü illərdə ATU-nun I Cərrahi Xəstəliklər kafedrasında assistent, 1994-1999-cu illərdə Türkiyənin Yüksək İxtisas Xəstəxanası, Yüzüncü İl Universiteti Tibb fakültəsi və Kırıkkale Universiteti Tibb fakültəsində həkim işləyib. O, 1999-2012-ci illərdə ATU-nun I Cərrahi Xəstəliklər kafedrasında dosent, professor, 2012-ci ildən indiyə kimi kafedra müdiri, 2015-2016-cı illərdə isə ATU-nun Cərrahiyyə Klinikasının direktor əvəzi vəzifəsində xidmət göstərib.

Alim 1991-ci ildə tibb elmləri namizədi, 1999-cu ildə tibb elmləri doktoru elmi dərəcələrini, 2008-ci ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Onun əsas elmi-praktik fəaliyyət sahələri - qaraciyər transplantasiyası, cərrahi və terapevtik hepatologiya, metabolik cərrahiyyə, laparoskopik cərrahiyyə, ümumi və onkoloji cərrahiyyədir. N.Bayramov qaraciyər, öd və öd yolları, mədəaltı vəz, mədə-bağırsaq, transplantologiya əməliyyatları (qaraciyər, böyrək, kök hüceyrələri), laparoskopik və açıq əməliyyatlar yerinə yetirir.

Alimin araşdırmaları nəticəsində müəyyən edilib ki, qanın lazerlə şüalandırılması laxtalanma sisteminə korreksiyaedici təsir göstərir, qaraciyər regenerasiyasına müsbət təsir edir. Həmçinin ultrasəs bıçağının sirrotik qaraciyər rezeksiyalarında arqonlu koaqulyatorla birlikdə istifadəsi daha faydalıdır. Bundan əlavə, o, qaraciyər rezeksiyası üçün su şırnağı üsulunun parametrlərini dəqiqləşdirib, normal və sirrotik qaraciyərlərin böyük rezeksiyadan sonrakı regenerasiyanın dinamikasını öyrənib. Eyni zamanda qaraciyərin kistləri və absesləri modellərini işləyib hazırlayıb.

Alim 23 kitab, 9 metodik tövsiyyə, 111 məqalə və 175 tezisin müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə, 3 elmlər doktoru hazırlanıb.

O, 2010-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub.

Nuru Bayramov Beynəlxalq Piylənmə Cərrahiyyəsi Federasiyası, Avropa Hepatoloqlar, Avropa Endoskopik Cərrahiyyə, Avropa Transplantasiya, Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar, Avropa Transluminal Cərrahiyyə, Klinik Robotik Cərrahlar, Türkiyə Qastroenteroloqlar, Beynəlxalq Qaraciyər Transplantasiyası, həmçinin Avrasiya Cərrahlar və Qastroenteroloqlar cəmiyyətlərinin, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar İctimai Birliyinin üzvüdür. Alim, o cümlədən Respublika ElmiTədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb Problemləri üzrə Elmi Şurasının sədridir.

Görkəmli qastroenteroloq alimi 55 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: