Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naxçıvan Bölməsində ekspedisiyaların yekunlarına həsr olunan tədbir keçirilib
17.09.2018 15:44
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində ekspedisiyaların yekunlarına həsr olunan tədbir keçirilib

AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji tədqiqatlar” mövzusunda toplantı keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev on ildən artıqdır ki, muxtar respublika ərazisində aparılan respublika və beynəlxalq səviyyəli arxeoloji araşdırmalardan, çoxsaylı tədqiqatlardan bəhs edib. O, bu il bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə əvvəlki illərdəki tədqiqatlarını davam etdirdiyini, bölgənin I Kültəpə, Duzdağ və Naxçıvantəpə yaşayış yerlərində qazıntılar apardığını diqqətə çatdırıb. Tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin Naxçıvanın tarixi üçün əhəmiyyətindən danışan alim bu diyarda çox qədim yaşayış yerlərinin mövcud olduğunu bildirib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Arxeoloq alim bildirib ki, bu il Duzdağ mədənləri tədqiq edilib, Erkən Tunc dövrünə aid əmək alətləri və keramika məmulatı aşkar edilib. Aparılan tədqiqatlar zamanı dünyanın duz mədənlərinin Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib.

Tədqiqata cəlb olunan digər abidənin I Kültəpə və onun ətrafındakı qədim yaşayış yerləri olduğunu deyən V.Baxşəliyev qeyd edib ki, qazıntılar zamanı Kültəpənin Neolit dövrünə aid abidə olduğu tarixi arxeoloji əsaslarla dəqiqləşdirilib. O, I Kültəpə yaşayış yeri ətrafında əvvəlki illərdə aparılan arxeoloji araşdırmalarda aşkar olunan Eneolit dövrü yaşayış yerinin tədqiqinin davam etdirildiyini bildirib. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Kültəpə və onun ətrafında yaşayan insanlar əkinçiliklə və köçmə maldarlıqla məşğul olublar.

Arxeoloq Naxçıvantəpə abidəsinin tədqiqindən də bəhs edib.

Daha sonra Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro çıxış edərək Azərbaycanın üç regionunda arxeoloji qazıntılar apardıqlarını deyib. Bildirib ki, beynəlxalq ekspedisiya digər regionlarla 10, Naxçıvanda isə 13 ildir ki, elmi-tədqiqat sahəsində əməkdaşlıq edir. Catherine Marro məlumat verib ki, Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı bu ilin oktyabr ayında Bakı şəhərində açılacaq sərgidə 3 ekspedisiyaların nəticələri sərgilənəcək. Həmin sərgidə I Kültəpə, Ovçulat təpəsi və Duzdağda araşdırmalar zamanı əldə olunan materiallar da təqdim olunacaq.

Sonda sözügedən qədim yaşayış yerlərində tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri videogörüntü vasitəsilə nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: