Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb
19.09.2018 09:12
  • A-
  • A
  • A+

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Üzeyir Hacıbəylinin ev-muzeyində Milli Musiqi Gününə həsr olunan tədbir keçirilib.

Ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov sentyabrın 18-dən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının başlandığını, böyük bəstəkarın Azərbaycan xalqının tarixində silinməz iz qoyduğunu vurğulayıb. Qeyd edib ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum gününün ölkəmizdə də Milli Musiqi Günü kimi qeyd edildiyini bildirib.

Vurğulanıb ki, ölkəmizdə Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının yubileyləri dövlət səviyyəsində qeyd edilir. Bu gün dahi Ü.Hacıbəylinin musiqisi Çindən Amerikayadək səslənir. Bu musiqinin işğaldan azad ediləcək Qarabağda səslənməsini hər bir azərbaycanlı arzulayır.

Daha sonra çıxış edən Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə qeyd edib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə musiqi ilə məhdudlaşmır, o, dahi maarifçi, pedaqoq və publisist olub. Onu doğrudan da “dahi azərbaycanlı” adlandırmaq olar. Bəstəkarlar İttifaqı Ü.Hacıbəylinin yaradıcılığını təbliğ edir, ona həsr edilən konfranslar, konsertlər, tədbirlər keçirir. Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” medalı ilk dəfə Şəki Musiqi Festivalında təqdim edilib.

F.Əlizadə “Üzeyir Hacıbəyli” medalını bəstəkarın adını daşıyan ev-muzeyinin direktoru, Ü.Hacıbəyli yaradıcılığı haqqında çoxsaylı kitab və məqalənin müəllifi Sərdar Fərəcova, həmçinin Telman Ağdamskiyə təqdim edib.

Son illər Türkiyədə çalışan rejissor Əflatun Neymanzadə məşhur həmyerlimizin yaradıcılığının xaricdə təbliği sahəsində beynəlxalq layihələrdən danışıb.

Sonda Qara Qarayev adına musiqi məktəbi şagirdləri tərəfindən Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: