Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2018 15:58
  • A-
  • A
  • A+

AMEA-nın Azad Həmkarlar İttifaqının yığıncağı keçirilib

AMEA-nın Azad Həmkarlar İttifaqının yığıncağı keçirilib

Sentyabrın 21-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) yığıncağı keçirilib.

AMEA-nın elmi müəssisələrinin həmkarlar təşkilatlarının sədrlərinin iştirak etdiyi tədbirdə bir sıra təşkilati məsələlərə baxılıb.

Əvvəlcə AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlərdən, mövcud problemlərdən, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışıb. O, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatında tibb məntəqələrinin yaradıldığını və bu məntəqələrin AHİ tərəfindən tibbi ləvazimatlarla təmin olunduğunu diqqətə çatdırıb. 

H.Qurbanov, həmçinin cari ilin əvvəlindən başlayaraq AMEA əməkdaşları üçün ərzaq və kənd təsərrüfatı yarmarkasının təşkil olunduğunu bildirib. Qeyd edib ki, yarmarkalarda yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 30 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsullarının bazar qiymətindən 20-30 faiz aşağı qiymətə təklif olunub. Bu ilin oktyabr ayından etibarən isə satış yarmarkalarının mütəmadi keçirilməsi nəzərdə tutulur.

Sədr ötən illərə nisbətən istirahət evlərinə müraciətlərin və göndərişlərin sayının artdığını və bütün müraciətlərə vaxtında baxılaraq müsbət cavab verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, həmkarlar təşkilatlarının üzvləri ölkəmizin sosial-iqtisadi tərəqqisinə əhəmiyyətli töhfələr veriblər.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanları  yaratmaq olub. H.Qurbanov müsabiqənin nəticələrinə əsasən, akademiyanın 14 gənc aliminin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırıldığını bildirib.

İclasda gündəlikdə duran məsələlərlə bağlı AMEA İşlər İdarəsinin rəis müavini Sərdar Əliyev, Fizika İnstitutunun Həmkarlar təşkilatının sədri Sitarə Bağırova və digərləri çıxış edib, fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: