Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.09.2018 14:00
  • A-
  • A
  • A+

Qobustan rayonunda yeni etnoqrafik tədqiqat

Qobustan rayonunda yeni etnoqrafik tədqiqat

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun əməkdaşları Qobustan rayonunda etnoqrafik ekspedisiyada olublar.

Həmin sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov aparılan tədqiqatların nəticələri barədə məlumat verərək bildirib ki, ekspedisiya çərçivəsində VIII-IX əsrlərdə tarixi Şirvan ərazisində yaranmış, XI-XV əsrlərin intibah dövrünə təsadüf edən Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən biri - Diri baba türbəsinin, Mərəzə qəsəbəsinin, Nərimankəndin, Cəyirli bələdiyyəsinə daxil olan Cəyirli və Çalov kəndlərinin tarixi, etnoqrafik mirası, o cümlədən adət-ənənələri, təsərrüfat və məşğuliyyət sahələri və s. öyrənilib. Həmçinin xalçaçılar, xalça tacirləri, boyaqçılıq ənənələri haqqında məlumat toplanılıb.

Şirvanın Azərbaycanın xalçaya bağlı bölgələrindən biri olduğunu deyən V.Muradov bunun şirvanlıların etnoqrafiyasına, ənənələrinə, həyat tərzinə sadiqliyi və bu məsələyə ciddi mühafizəkarlıqla yanaşmaları ilə əlaqədar olduğunu diqqətə çatdırıb. Bildirib ki, xalça və xalça məmulatları daima qorunan və nəsildən-nəslə ötürülən əsas etnoqrafik atributdur. 

V.Muradov AEİ-nin əməkdaşlarının Qobustan rayonunun digər kəndlərində də tədqiqat işlərini davam etdirəcəklərini və ekspedisiyanın nəticələri haqqında silsilə materialların hazırlanacağını bildirib.

Qeyd edək ki, sektor yarandığı vaxtdan bugünədək Azərbaycan boyaqçılıq sənəti, Naxçıvan xalçaçılığı mövzularında tədqiqatlar aparıb. Tədqiqatların nəticələri Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan kitablarda əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: