Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası
25.09.2018 10:00
  • A-
  • A
  • A+

Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirildi. Strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun davamlı inkişafı və ixracı potensialının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

2017-ci ilin dərin və sistemli islahatlarında, 2018-ci ilin isə yüksək templi iqtisadi inkişaf ili olmasında Strateji yol xəritələrinin xüsusi önəmi vardır. Azərbaycanın sosial-iqtisadi inkişafının aktual məsələlərini hər zaman diqqət mərkəzində saxlayan “Respublika” qəzeti mütəmadi olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Strateji yol xəritələrinin icrası ilə bağlı silsilə yazılar dərc edilməsi barədə təşəbbüs göstərmişdir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasında görülmüş işlər barədə məqaləni oxucularımızın diqqətinə təqdim edirik.

(əvvəli 23 sentyabr tarixli sayımızda)

Bütövlükdə, AMEA-nın 12 elmi-tədqiqat institutunda respublikanın müxtəlif universitetlərinin baza kafedraları və laboratoriyaları, o cümlədən Neft-Kimya Prosesləri İnstitutunda Neft və Sənaye Universitetinin “Neftin, qazın kimyası və emalının texnologiyası”, Aşqarlar Kimyası İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) “Neft kimyası və neft texnologiyası” , Geologiya və Geofizika İnstitutunda BDU-nun “Seysmologiya və Yer təkinin fizikası”, İdarəetmə Sistemləri İnstitutunda Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri”, Kataliz və Qeyi-üzvi Kimya İnstitutunda BDU-nun “Fiziki və kolloid kimya” və “Ümumi və qeyri-üzvi kimya”, Genetik Ehtiyatlar İnstitutunda BDU-nun “Genetika və Təkamül”, Aqrar Universitetinin baza, Dendrologiya İnstitutunda BDU-nun “Botanika” və Odlar Yurdu Universitetinin “Biologiya və ekologiya” kafedraları, Polimer Materialları İnstitutunda Sumqayıt Dövlət Universitetinin Elm və Tədris Mərkəzi, Coğrafiya İnstitutunda BDU-nun Coğrafiya fakültəsinin Elm və Tədqiqat Mərkəzi, AMEA-nın Gəncə Bölməsində Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedraları fəaliyyət göstərir. Bu yaxınlarda Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası və “Azərkosmos”un birgə “Kosmos və yerətrafı kosmik fəzanın fizikası” birgə laboratoriyasının yaradılması haqqında qərar qəbul edilmişdir. 

2015-ci ildə akademiyada gələcəyin elmi kadrlarının hazırlanmasının ilkin pilləsi olan magistratura yaradılarkən 7 ixtisas üzrə cəmi 19 magistrant qəbul edildiyi halda, 2017/2018-ci tədris ilində magistraturaya 12 ixtisas üzrə 67 magistrant qəbul edilmişdir. Hazırda Akademiyada böyük müsabiqə yolu ilə seçilmiş 123 magistrantın hər biri elmi-tədqiqat institutlarında işə götürülmüş, bəziləri qrant layihələrinə də cəlb olunmuşlar. Magistrantların iş şəraitini yaxşılaşdırmaq üçün onlara xüsusi otaqlar ayrılmış, hər biri fərdi kompüterlə təmin olunmuş, onlara AMEA-nın Mərkəzi Elmi Kitabxanasının zəngin fondlarından istifadə etmək imkanı yaradılmışdır. Magistrlərin stimullaşdırılması məqsədi ilə keçirilən “Magistr-2018” müsabiqəsində 47 magistrant iştirak edib. Qaliblərin müəyyən olunmasında Ekspert Komissiyası bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.

2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə əyani doktoranturaya 115 plan yerinə 183 nəfər ərizə verib: Elmlər doktoru proqramı üzrə həm əyani, həm də qiyabi doktoranturaya ümumilikdə 39 plan yerinə 47 nəfər ərizə təqdim edib”. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 181 plan yerinə 288 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 110 plan yerinə 141 nəfər tərəfindən ərizə təqdim olunub. AMEA-nın 26 həqiqi üzvü, 82 elmlər doktoru və 134 fəlsəfə doktoru magistraturada tədris prosesinə cəlb olunmuşdur. Sevindirici haldır ki, 2017-ci ildə AMEA-nın ilk magistratura məzunları elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vuraraq “Molekulyar biologiya”, “Kimyəvi kinetika və kataliz” və Azərbaycan elmi üçün mühüm digər ixtisaslar üzrə dissertasiya işlərini müdafiə etmiş və öz karyeralarını elm sahəsində, Akademiyada davam etdirmək qərarına gəlmişlər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” sərəncamına uyğun olaraq son illərdə AMEA-nın xeyli gənc alimi dünyanın müxtəlif elmi mərkəzlərinə göndərilmiş və bu proses hazırda da davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyası həm də Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Azərbaycanda doktorantura təhsilini təkmilləşdirilməsi, struktur, məzmun və ideya baxımından zənginləşdirilməsi və Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı” (“Nizami”) layihəsində fəal iştirak edir. 2017-ci ildə akademiyada fəlsəfə doktoru proqramı üzrə 158 nəfər, elmlər doktoru proqramı üzrə 34 nəfər dissertasiya işlərini müdafiə etmişlər. Yüksəkixtisaslı kadrların hazırlanmasının ən yüksək səviyyəsi olan AMEA doktoranturasında hazırda fəlsəfə doktoru proqramı üzrə 1155 nəfər, elmlər doktoru proqramı üzrə 649 nəfər təhsil alır.

2017-ci ildə AMEA-da ilk dəfə 50 yaşa çatmamış elmlər doktorları arasından seçilən “AMEA professoru” elmi adı təsis edilmiş, bu ada layiq görülən ilk 12 professorun onu fizika, riyaziyyat, biologiya və tibb sahələrində çalışan alimlər olmuşlar. Gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədi ilə AMEA prezidenti 35 yaşına qədər elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş alimlərə 5 min manat həcmində birdəfəlik mükafat verilməsini nəzərdə tutan sərəncam imzalamışdır.

İnsan kapitalının inkişafının stimullaşdırılması və innovasiya fəaliyyətinin təşviq edilməsi vəzifələri AMEA-da diqqət mərkəzində saxlanılmış, AMEA-nın Strateji Yol Xəritələrinin icrası üzrə Tədbirlər Planında bu istiqamətdə nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilmişdir. Akademiya əməkdaşlarının elmi-texniki yaradıcılığını və innovativ fəaliyyətini stimullaşdırmaq, onların öz əməklərinin nəticəsinə marağını yüksəltmək üçün 2017-ci il martından etibarən müəyyən edilmiş yeni qaydalara əsasən AMEA əməkdaşlarının müəllifi olduğu ixtira, faydalı model və sənaye nümunələrinə patentlərin alınması ilə bağlı rüsumların AMEA tərəfindən ödənilməsi, habelə, elmi ixtiranın kommersiyalaşdırılmasından əldə edilən xalis gəlirin 25%-nin ixtira müəllifinə verilməsi nəzərdə tutulmuşdur.

AMEA alim və mütəxəssisləri “İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi”ndə geniş iştirak etmişlər. Görülən tədbirlərin nəticəsi kimi akademiya institutlarında innovativ fəallıq artmış, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Elmin İnkişafı Fondunun, yerli və beynəlxalq elmi fondların qrantlarını almaq üçün müsabiqələrdə iştirak edənlərin sayı artmışdır. Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun neft, qaz və neft-kimya sənayesi ilə bağlı innovativ elmi araşdırmaları inkişaf etdirmək məqsədilə 2017-ci ilin sentyabrında elan etdiyi müsabiqəyə AMEA-dan143 layihə təqdim olunmuş, bunlardan 98-i texniki ekspertizanı keçərək müsabiqəyə buraxılmış, 35-i müsabiqənin qalibi olmuşdur.

AMEA Neft Qaz İnstitutu tərəfindən “Azərbaycanda metanol və karbamid gübrəsi istehsalında xammal kimi istifadə edilən təbii metan qazı (CH4) əvəzinə iri sənaye obyektlərindən atmosferə atılan karbon qazının (CO2) tutularaq yığılması və istifadə edilməsinin elmi-texniki, iqtisadi əsaslarının işlənməsi və təkliflərin hazırlanması” layihəsi təklif edilmişdir. Ölkəyə külli miqdarda vəsaitə qənaət etməyə imkan verəcək layihənin icrasının həm də böyük ekoloji əhəmiyyəti var. Layihə çərçivəsində iri sənaye mənbələrindən atmosferə atılan karbon dioksidin (CO2) tullantı mənbələrinin təyin edilməsi və istifadə sahəsindən asılı olaraq nəql olunma sxeminin işlənməsi və s. tədbirlərin həyata keçirilməsində pilotsuz uçan aparatlardan istifadə vacib hesab edilib və bu aparatların alınması üçün AMEA “Yüksək Texnologiyalar Parkı” MMC ilə müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. 

Qarşıdakı dövrdə AMEA elmi müəssisələrinin ölkədə milli innovasiya sisteminin qurulmasında fəal iştirakının təmin olunması, ixtiraçılıq fəallığının təşviq edilməsi, ixtira və işləmələrin real iqtisadi səmərəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. 

Ətraf mühitin və biomüxtəlifliyin qorunmasına, ekoloji təmiz məhsul istehsalının təşkilinə, ölkənin aqrar sektorunda yığılmış problemlərin həllinə yönəlmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”ndə Azərbaycan alimləri qarşısında qoyulmuş vəzifələrdən irəli gələn tədqiqatlar əsasən akademiyanın Biologiya və Tibb Elmləri bölməsinə daxil olan institutlarda aparılır.

Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində “Şəki-Zaqatala regionunda aqroekosistemlərin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli istifadəsini təmin edən texnologiyaların hazırlanması, aqroekosistemlərin effektivliyinin idarə olunması” mövzusu üzrə indiyə qədər Azərbaycanda tətbiq olunmayan 4 yeni texnologiya: ekoloji təmiz kənd təsərrüfatında minimum becərmələr texnologiyası, dənli bitkilərin istehsalında zolaqlı səpin texnologiyası, qarışıq səpinlər texnologiyası və fitonsidli bitkilərdən hazırlanmış həlim və cövhərlərin xəstəlik və zərərvericilərə qarşı təsirinin tətbiqi üzrə elmi təcrübələr aparılmış və maraqlı nəticələr əldə edilmişdir.

Azərbaycanın itməkdə olan müxtəlif bitki növlərinin müəyyən olunması, onların toxumlarının bərpası və gələcək nəsillər üçün qorunub saxlanılması üçün AMEA institutlarında əhəmiyyətli tədbirlər görülür. 2018-ci ilin yanvarında Genetik Ehtiyatlar İnstitutunda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə orta (20-30 il) və uzunmüddətli saxlama (50-100 il) şəraiti olan Milli Genetik Bank yaradılıb. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin Qərarına əsasən, Milli Genetik Banka mühafizə olunan dövlət təbiət obyekti statusu verilib və bank ölkəmizin milli sərvəti elan edilib. Respublikanın regionlar üzrə zəngin bitki müxtəlifliyinin və itmək təhlükəsində olan növlərin müvafiq aqroiqlim zonalarında mühafizəsini və səmərəli istifadəsini təmin etmək üçün institutun Şəki və Qubada elmi-tədqiqat bazaları, Lerikdə dayaq məntəqəsi yaradılmışdır. Bütövlükdə bu gün Milli Genbankda və genefond bağlarında əsasən yerli genetik müxtəlifliyin 405 cinsə, 1200 növünə aid 15000-ə qədər nümunəsi, o cümlədən mədəni bitkilərin yabanı əcdadlarına aid 2200-dən çox, xalq seleksiyası sort və formalarına aid 2500-ə qədər qiymətli nümunə toplanmış, onların etibarlı mühafizəsi təşkil edilmişdir. Saxlanılan yerli və introduksiya olunmuş 1000-ə qədər nümunənin genetik pasportlaşdırılması həyata keçirilmişdir. Bu nümunələr müasir və sınanmış metodlardan istifadə edilməklə qiymətləndirilir, yüksəkməhsuldar və keyfiyyətli, biotik və abiotik stress amillərinə davamlı donor formalar seçilərək seleksiya proqramlarında səmərəli istifadə olunur.

İnstitutda yabanı və mədəni bitkilərin biomüxtəlifliyinin qorunması məqsədilə sistemli monitorinqlərin aparılması, toxum və herbari materiallarının toplanması və mühafizəsi, qədim yerli sortların genefondunun yaradılması və pasportlasdırılması, həmçinin müvafiq məlumat bazalarının yaradılması sahəsində bir sıra işlər görülmüşdür. Cari ildə İsmayıllı rayonu ərazisində 7 yerli alma və 5 armud sortunun becərilmə ünvanları müəyyənləşdirilmiş, Şəki rayonu ərazisində yabanı üzüm populyasiyalarında mövcud olan 9 formanın coğrafi koordinatları təyin olunmuş və ampeloqrafik əlamətləri təsvir edilmişdir. Üzümün 5 ədəd yerli xalq seleksiyası sortu (Qızıl üzüm, Kişmiş üzüm, Qaraşirə üzüm, Ağsaçaq üzüm, Toxmax üzüm) aşkar edilmiş, 4 xalq seleksiyası sortunun (Tirəki üzüm, Həzəri üzüm, Dəvəgözü üzüm, Gəlinbarmağı) isə yayıldığı areal barədə məlumat toplanmışdır. 

2017-ci ildə institutda əvvəllər ölkə ərazisində geniş şəkildə becərilən Ağdaş-3 və AP-317 pambıq sortlarının bərpası aparılmış və ilkin toxumçuluğu bərpa edilmişdir. Genetik Ehtiyatlar İnstitutunda bu il 4 bitki sortu respublikada becərilmək üçün rayonlaşdırılmış və müvafiq patentlər alınmış, Milli Aviasiya Akademiyası ilə birgə “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” adlı ixtira patentləşdirilmiş və respublikanın bəzi rayonlarında tətbiq edilmişdir.

Botanika İnstitutu ilə Minilliyin Toxum Bankı (Böyük Britaniya) arasında imzalanmış memorandumlara əsasən, “Qafqaz florasının mühafizəsi” proqramı çərçivəsində “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi həyata keçirilir. Çoxsaylı monitorinqlər zamanı toplanmış nadir və endem bitkilərə aid toxum kolleksiyası mühafizə məqsədilə həm Minilliyin Toxum Bankında, həm də Botanika İnstitutunda yeni yaradılmış Toxum bankında saxlanılır. İnstitutun Herbari fondundakı 11 min herbari nümunəsi də rəqəmsallaşdırılaraq virtual məlumat bazasına daxil edilmişdir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan 63 bitki növünün 218 senopopulyasiyası barədə məlumat, habelə Azərbaycanın 1560 dərman bitkisi haqqında 26 parametr üzrə məlumat da həmin bazaya daxil edilib. İnstitut, həmçinin Biomüxtəliflik Konvensiyasının Bitkilərin Qorunmasının Qlobal Strategiyası, Hədəf 1 (GSPC Target 1) “Məlum bitki növlərinin elektron floristik siyahısı” ilə bağlı “Onlayn Dünya Florası” (World Flora Online) adlı beynəlxalq layihənin iştirakçısıdır. 

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aborigen Şirvanşahı üzüm sortunun çoxaldılması həyata keçirilmiş və bu sortun məhv olmuş polulyasiyasının bərpasını təmin edən kolleksiya yaradılmışdır. Alınmış eksperimental material in vitro şəraitində biotexnoloji çoxaldılma texnologiyasının tətbiqi ilə tədqiqatlarda istifadə edilir.

2017-ci ildə AMEA institutlarında torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədqiqatlar aparılmış, iqlim dəyişikliyi şəraitində yarımquraq ərazilərdə abiotik amillərin qida əhəmiyyətli yem bitkilərinin inkişafına təsiri qiymətləndirilmişdir. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Kürdəmir dayaq məntəqəsində orta şorlaşmış ağır gilli torpaqlarda 16 qida əhəmiyyətli yem bitkisinin (kinoya, sorqo, amarant, darı və s.) abiotik stress şəraitində inkişaf dinamikası öyrənilmişdir. Bu istiqamətdə tədqiqatların davam etdirilməsi Kür-Araz ovalığında yeni sortların seçilməsi, əkinçiliyə daxil edilməsi və şorlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verəcəkdir.

Azərbaycanın Kür-Araz ovalığında olan digər torpaqlar kimi, Salyan düzünün və xüsusilə Neftçala rayonunun torpaqlarının münbitlik göstəriciləri çox aşağıdır. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçiləri müəyyən ediblər ki, Neftçala rayonu ərazisində, Kür çayının deltasında illərlə toplanmış milyon tonlarla lilin zəngin mineraloji tərkibi var və üzvi gübrələrin, bakteriyaların və Kür lilinin qarışığından alınan zəngin bitki qida maddəsi rayonların qüvvədən düşmüş torpaqlarının münbitliyinin artırılmasında geniş istifadə oluna bilər. Təəssüf ki, bu istiqamətdə görülən işlər, son mərhələdə bakteriyaların əldə olunmasında çətinliklər yarandığından yarımçıq dayandırılmışdır. Müvafiq vəsait olarsa, Neftçala rayonunda böyük həcmdə üzvi gübrə istehsal edə biləcək zavodun inşası, həmin gübrənin geniş tətbiqi ilə torpaqların gücləndirilməsi və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınması perspektivlidir.

“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”ndə elmi-tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsi tapşırığı AMEA qarşısında həm yeni vəzifələr qoymuş, həm də yeni imkanlar açmışdır.

2018-ci ilin martında Azərbaycan Milli Elmlər Akademiyası elmi-tədqiqat proqramlarının respublika müsabiqəsinin nəticələrini açıqlamışdır. Aktual elmi tədqiqatların akademiyanın özü tərəfindən maliyyələşdirilməsi forması olan müsabiqənin qalibləri arasında “Neftlərin səciyyələndirilməsinin innovativ fiziki üsulları”, “Zərrəcik detektorları və plazmonika üçün subdalğa qəfəsli nazik təbəqəli sistemlər”, “Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi”, “Yeni fizioloji aktiv maddələrin sintezi və tədqiqi”, “Cənubi Xəzər Çökəkliyinin dərində yatan (7-10 km) süxur-flüid sistemlərinin modelləri” kimi ölkə iqtisadiyyatının perspektivləri üçün əhəmiyyətli mövzular var.

Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən ölkədə fosforit (apatit) yataqlarında fosforun lantan, samariy, avropium kimi bəzi nadir yer elementlərinin kifayət qədər təzahürlərinin olması müəyyən edilmiş, nadir yer metallarına dünya bazarında olan perspektiv tələbat öyrənilmişdir. Ekspertlər tərəfindən 2020-ci ilə dünya bazarında bu metallara tələbatın 1,5-2 dəfə artaraq illik 185-200 min tona çatacağı, orta və ağır lantanoidlərin qıtlığı nəticəsində qiymətlərinın azı 20-25% yüksələcəyi proqnozlaşdırılır. Göstərilən metalların istifadə dairəsi durmadan genişlənir. Məsələn, lantan elektron-vakuum lampalarının, elektron mikroskopların, yüksək temperaturlara və korroziyaya davamlı birləşmələrin, enerjini yığıb saxlayan sistemlərin, o cümlədən elektrik avtomobillərinin akkumulyatorlarının (bir elektrik a/m akkumulyatoruna 15-25 kq. lantan) istehsalında istifadə olunur. Maye şəklində lantan əridilmiş urandan plutonium alınması üçün zəruridir, polada əlavə edilməsi isə müxtəlif modifikasiyalarda metalın plastikliyini təmin edir. Digər element - avropium nüvə və atom-hidrogen energetikasında, bərk cisim və maye lazerlərin istehsalında, inteqral mikroelektronikada, lüminoforlarda, tibbi diaqnostika və radioizotop enerji mənbələrində geniş istifadə olunur. 

Dünya bazarlarında yüksək qiymətə satılan bu metalların (2017-ci il qiymətləri: lantan-44 USD/kq., samariy-156 USD/kq., europiy-3823 USD/kq. və s.) ehtiyatlarının dəqiq qiymətləndirilməsi, təbii fosforit birləşmələrindən alınması üsullarının, yataqların istismar texnologiyasının işlənməsi üçün 2018-2020-ci illər ərzində kimyəvi reaktivlərin, cihaz və avadanlıqların alınmasına, ekspedisiyaların təşkilinə və xarici ezamiyyətlərə ehtiyac vardır.

 (davamı növbəti saylarımızda)

Akif Əlizadə, AMEA prezidenti, akademik

"Respublika" qəzeti, 25 sentyabr 2018-ci il

  • Paylaş: