Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da görkəmli ədəbiyyatşünas-alim Məsud Əlioğlunun 90 illiyinə həsr edilən tədbir keçirilib
26.09.2018 10:37
  • A-
  • A
  • A+

AMEA-da görkəmli ədəbiyyatşünas-alim Məsud Əlioğlunun 90 illiyinə həsr edilən tədbir keçirilib

Sentyabrın 25-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, tənqidçi Məsud Əlioğlunun anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin inkişafında M.Əlioğlunun müstəsna xidmətlərindən danışıb. Akademik İ.Həbibbəyli deyib ki, M.Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub.

Bildirilib ki, M.Əlioğlunun iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında”, “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Mirzə İbrahimovun dramaturgiyası”, “S.S.Axundovun həyat və yaradıcılığı”, “Osman Sarıvəlli”, “Rəsul Rza”, “Məfkurə dostları”, “Ədəbiyyatda yeni insan”, “Məslək qardaşları”, “Tənqidçinin düşüncələri” kitabları, onlarla məqaləsi nəşr olunub. Vəfatından sonra “Hüseyn Cavidin romantizmi”, “Məhəbbət və qəhrəmanlıq”, “Amal və sənət”, “Ədəbi fraqmentlər” və ikicildlik “Darıxan adamlar” kitabları çapdan çıxıb. Onun klassik ədəbiyyat barədəki şərhlərinin böyük hissəsi XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. “Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə M.Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının ən mükəmməl əsərlərindəndir. İ.Həbibbəyli vurğulayıb ki, bu əsər Azərbaycan romantizminin ideya əsaslarının öyrənilməsi üçün çox dəyərli elmi mənbədir.

Sonra institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Tənqidçi istedadı və zaman” mövzusunda məruzəsi dinlənilib. O, M.Əlioğlunun ədəbi-tarixi yaddaşı müasirlik müstəvisində qiymətləndirdiyi kimi, çağdaş ədəbi prosesdəki yenilikləri də böyük həssaslıqla duyduğunu və cəsarətlə müdafiə etdiyini deyib. Bildirib ki, M.Əlioğlu ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlərinə uyuşmayan müəlliflərdən və əsrlərdən yazmazdı.

Tədbirdə institutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, Təhsil şöbəsinin əməkdaşı, kiçik elmi işçi Nurlanə Məmmədova ədəbiyyatşünas-alimin yaradıcılığının müxtəlif aspektlərindən bəhs ediblər.

Akademik Nizami Cəfərov görkəmli alimin XX əsrin 40-cı illərinin sonlarından 70-ci illərin əvvəllərinədək davam edən yaradıcılıq axtarışlarının bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərdiyi vurğulayıb.

Sonda M.Əlioğlunun qızı, Azərbaycan Tərcümə Mərkəzi İdarə Heyətinin sədri, nasir-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: