www.science.az
26.09.2018 10:40

Dövlət başçısı “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində Tarix Muzeyinin pavilyonu ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

Dövlət başçısı əvvəlcə mərkəzin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, bu il sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açır. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olunduğu sərgidə “Matador”, “Marauder” və digər zirehli hərbi texnikalar, o cümlədən tank əleyhinə raket kompleksi böyük maraqla qarşılanır.

Sonra ölkə başçısı Baku Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub.

Qeyd edilib ki, bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyaların sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur. Sərgidə quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, Hava Hücumundan Müdafiə sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı ilə bağlı yeniliklər təqdim olunur.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun və Etnoqrafiya fondunun 58 eksponatı – tarixi silahlar və xalçalar da nümayiş olunur.

Sərgini ziyarət edən Prezident İlham Əliyev muzeyin eksponatları ilə də tanış olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı eksponatlar haqqında dövlət başçısına məlumat verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.