www.science.az
26.09.2018 12:38

Aspiranturaya qəbul - Hekayə

Akademik Həsən Abdullayevin əziz xatirəsinə!

Soyuğun insanların canına üşütmə saldığı payız aylarından biri idi. Bu vaxtlar kənddə canıdildən qışa hazırlıq görülürdü.

Kimi dəyirmanda əmək gününə düşən taxılı üyüdüb gətirir, kimi bəslədiyi heyvanlardan ən gözəgəlimlisini kəsib qovurma hazırlayır, kimi od-alovlu təndirin başında lavaş tədarükü görürür, kimi də dava-dalaşla dəmiryol stansiyasından aldığı daş kömürü yağış-qar dəyməsin deyə örtülü yerə yığırdı. Mən də qış tədarükü ilə bağlı görəcəyim vacib işləri qurtarıb aspiranturaya imtahan vermək üçün Bakıya yollandım.

Düzü, aspirantura məsələsi beynimdən elə-belə keçməmişdi. Birincisi, bunu məndən də çox atam - İmran Salahoğlu istəyirdi. Bizim kəndimizdə hamının ayaması vardı - Cücə Cəfər, Kal Qasım, Astar Həmid, Tıntın Kərim... Amma mənim atamın ayaması yox idi, onu öz atasının adı ilə "Salahoğlu" - deyə çağırırdılar. Məsələ bunda deyil, əsas odur ki, mənim aspiranturada oxumağım atamın ağlına haradan gəlmişdi, bilmirəm. İnan ki, bu barədə bir dəfə də olsun ondan soruşmamışam. İkincisi də bu fikir yavaş-yavaş özümdə yaranmışdı. Belə ki, kəndimizdən 9-10 kilometr uzaqda yerləşən bir məktəbdə işləyirdim. Oraya gedib-gəlmək o qədər də asan deyildi, çünki kəndimizə avtobus işləmirdi. Səhərlər kolxozun üstüaçıq QAZ-51 maşınları ilə yolun bir hissəsini aşırmaq olurdu, qalanını da onbir nömrəli tramvayla ötüşdürmək məcburiyyətində qalırdım. Məktəbdən çıxıb evə gəlmək isə əməlli-başlı müşkül məsələydi. Belə ki, yolun yarısına qədər maşın düşərdi, ya düşməzdi, maşın düşmədisə, deməli, 9-10 kilometri piyada başa vurmalı idin. Hələ mənim bəxtim gətirmişdi ki, o vaxtlar "Kamaz" maşınlar bizim kəndimizin yaxınlığında Arazın yarğanı döyəclədiyi yerə sal daşlar daşıyıb tökürdülər. Hamı qorxurdu ki, həmin yarğan uçsa, kəndi Araz aparacaq, necə ki, neçə illər qabaq Araz yazda daşanda köhnə kəndin bir hissəsini yuyub aparmışdı, əlavə bir yataq yaranmışdı. Uşaq vaxtı həmin yataqdan rahatca balıq tutmaq olurdu. O da yadımdan çıxmamış deyim ki, qızılgüllər açılan vaxtı Arazın nəriltisi dünyanı götürürdü. Hələ iri-iri ağacları kökündən çıxarıb diyirlədə-diyirlədə sürüməyi bir yana qalsın, gözlərimizin qarşısında yekə-yekə camışları bürmələyib suyun üzündə çay aşağı aparırdı. Mən bəzən həmin "Kamaz" maşınlarla gəlib kəndin bir-iki kilometrliyində düşür, oradan da toza-torpağa, para-palçığa bata-bata evimizə gəlirdim. Əslində, bu çətinliklər də bir tərəfdən məni aspiranturaya getməyə məcbur edirdi.

Mən aspiranturaya imtahan verməyə gələndə atam demişdi ki, sənədlərini qiyabi verərsən və aspirantura məsələsində mənimlə atam arasındakı fikir ayrılığı yalnız bunda idi, mən isə əyani oxumaq istəyirdim.

İxtisas imtahanı verəcəyimiz gün, səhər-səhər direktorun otağının qabağına toplanmışdıq. Yeddi nəfər idik. Əyaniyə bir yer ayrılmışdı. İmtahan verəcəyimizə baxmayaraq, əhvali-ruhiyyəmiz çox yaxşıydı. Vaxtımız maraqlı keçsin deyə, bir-birimizə yüngülvarı suallar da verirdik. Bizim aramızda, səhv etmirəmsə, Afət adında bir akademik qızı da var idi. Oraya toplanmağımızdan yarım saat keçərdi ki, birdən Afət sıramızdan ayrılıb qapısı açıq olan elmi katibliyə doğru getdi. Az sonra əlində qovluq geri qayıtdı və: "Uşaqlar, mən sənədlərimi geri götürdüm, sizə uğurlar arzulayıram", - deyib uzaqlaşdı. Rəqiblərimizdən birinin azalmasına baxmayaraq, hamımız təəssüf hissi keçirdik.

İxtisas imtahanı çox gərgin oldu. Komissiyanın üzvləri elə bil boş-bekar idilər. Adama nə qədər sual vermək olar?! Düzü, indi biletimdə yazılan və  əlavə verilən sualların əksəriyyəti yadımdan çıxıb. Bir onu xatırlayıram ki, suallardan hansınasa cavab verərkən Çingiz Aytmatovun "Voprosı literatura" jurnalında dərc edilmiş müsahibəsindən bir sitat gətirdim. Sitat gətirərkən jurnalın adı ilə bərabər,  Çingizin atasının adını da dedim, əslində, jurnalda elə yazılmışdı: "Çingiz Terequloviç Aytmatov". Məqsədim "Voprosı literatura" jurnalını kənddə ikən oxuduğumu nəzərə çarpdırmaq idi. Jurnala, həqiqətən, abunə yazılmışdım. Hər halda bu da mənim xeyrimə oldu. Cavablarıma "beş" yazdılar. Məndən başqa bir nəfər "beş", bir nəfər isə "dörd" qiymət aldı. Qalanları növbəti imtahanlara buraxılmadılar.

Partiya tarixindən imtahan vermək mənim üçün o qədər də çətin deyildi. Universitetdə yaxşı oxumuşdum, həm də neçə ay idi ki, hazırlaşmışdım. Hətta yadımdadır ki, universitetdə oxuyanda tarix müəllimimiz iki qrupda yalnız mənə "beş" vermişdi. Özü də deyirdi ki, neçə illər qabaq bir dəfə də belə olmuşdu, onda da yalnız Bəkir Nəbiyevə "əla" yazmışdım. Sözümün qaravəllisi odur ki, partiya tarixindən "beş" və ya "dörd" almaq mənim üçün problem olmamalıydı. Amma mənə "üç" yazdılar, aspiranturaya qəbul olmaq şansımı xeyli itirdim. Ona görə ki, mənimlə imtahan verənlərdən birinin 9, digərinin 10, mənim isə 8 balım vardı. Yalnız möcüzə məni bu vəziyyətdən qurtara bilərdi və qarşıda fransız dilindən imtahan qalırdı.

Partiya tarixi imtahanından sonra xeyli gözlədim. Akademiyanın birinci mərtəbəsindəki dar pəncərədən bayırı seyr edirdim. Gözlərimin qarşısına yenə kənd, yenə 9-10 kilometrlik yol, yenə sal daşları daşıyan "Kamaz" maşınları gəlirdi. Dəqiq bilirdim ki, aspiranturaya qəbul olmasam, həyatımı heç cür dəyişdirə bilməyəcəyəm. Düzü, rayonda əməlli-başlı hörmətim vardı və yaxşı müəllim kimi tanınırdım. Məsələn, heç bir müəllimin dərsinə gəlməyən Utaridə adlı bir qız yalnız mənim dərsimdə olurdu. Hətta pedaqoji şuraların birində həmkarlar təşkilatının sədri məni ittiham etdi ki, sən məktəbə gəlməyən uşağa qiymət yazırsan, özü də vaxt itirmədən Utaridənin adını çəkib nümunə göstərdi. Mən də sakitcə ona cavab verdim ki, Utaridə ədəbiyyat dərsinə gəlir. O biri müəllimlər mat-məəttəl qalmışdılar, fikirləşirdilər ki, axı Utaridə onların da dərsində iştirak etmir. Növbəti rübdə direktorun müşahidəsindən sonra aydın oldu ki, Utaridə məhz mənim dərsimə gəlirmiş. Rayonda hörmət qazanmağımın bir səbəbi də o idi ki, imtahan verdiyim il məni rayon komsomol komitəsinin birinci katibi seçmək istəyirdilər. Nədənsə, bu iş baş tutmadı.

Akademiyanın dar pəncərəsindən bayırdakı iri sütunlara baxa-baxa həm də maaş məsələsini düşünürdüm. Çünki rayon maarif şöbəsinin baş inspektoru Murtuz müəllim demişdi ki, imtahanlardan kəsilsən, sənin bir aylıq maaşını verməyəcəyik, yox, hamısından qiymət alıb müsabiqədən keçə bilməsən, maaşını tam alacaqsan. Buna görə də aspiranturaya qəbul olub-olmamağımdan asılı olmayaraq, fransız dili imtahanını verməliydim.

Partiya tarixi imtahanı qurtarmışdı. Mən birinci mərtəbədə gəzişir, narahat-narahat beynimə gələn hər bir şey haqqında düşünürdüm. Hava da əməlli-başlı qaranlıqlaşırdı. Elə havanın qaralması haqqında düşünürdüm ki, Səttar müəllim əlində çanta imtahan olan otaqdan çıxdı. Dəhlizdə yalnız ikimiz idik. Mən ona yaxınlaşdım, o, məni görüb dayandı. Birbaşa sual verdim ki, axı mən "üç" almamalıydım, siz mənə niyə "üç" verdiniz. O isə bu sualı gözləyirmiş kimi birbaşa cavab verdi: "Oldu da, ay bala, gərək olmayaydı". Bu, müəllimin etirafı idi, mən isə bununla kifayətlənib heç bir söz demədən uzaqlaşdım. Görünür, mənim müəllimliyim Səttar müəllimin də xeyrinə işlədi. Amma burada nəsə bir əmmanın olduğunu da anladım.

Qarşıda fransız dili imtahanı vardı. Fransız dilini az-çox bilirdim, amma alacağım hər hansı bir qiymətin mənə xeyiri olmayacağını düşünüb bu imtahana xüsusilə əhəmiyyət vermək istəmirdim. Məni yalnız maaş düşündürürdü və fransız dili imtahanından hər hansı bir müsbət qiymət ala biləcəyimə də heç bir şübhəm yox idi. Özüm üçün daxilən yaratdığım bu rahatlığa baxmayaraq, imtahan çox gərgin keçdi. İmtahanın mənim üçün o qədər də həlledici olmadığını bildiyim üçün müəllimə təklif etdim ki, mən maksimum proqramla imtahan vermək istəyirəm. Özümlə fransız dilində kitab aparmamışdım, kafedrada da ədəbiyyatşünaslığa aid belə bir kitab yox idi. Açığı, bununla bağlı sonralar xeyli peşmançılıq çəkdim və indi də onu xatırlayanda birtəhər oluram. Ona görə ki, kitab olmadığından kafedra müdiri cavan fransız dili müəlliməsini xeyli danladı. Sonralar müəllimədən üzrxahlıq etmək üçün ona bir şeir yazdım. İndi deyim ki, heç şeiri də müəlliməyə vermədim. Sonra fransız dili müəlliməsi minimum proqramla imtahan verməyimə şərait yaratdı və biletdəki suallara insafla yaxşı cavab verdim. Müəllimə mənə yavaşca dedi ki, bayaqkı hay-küy olmasaydı, elə sənə "dörd" qiyməti də vermək olardı, amma "üç" yazıram. Mən də yavaşca dedim ki, "üç" bəsimdir, istədim, maaşımı alacağım barədə ona nəsə danışım, amma vaz keçdim.

Sənədlərimi götürüb rayona getmək üçün liftlə instituta qalxdım, institut 5-ci mərtəbədə yerləşirdi. Liftin qarşısında direktorla rastlaşdım. Direktor dedi ki, fasiləyə gedirəm, məni gözlə, sən aspiranturaya qəbul olmusan. Öz-özümə düşündüm ki, bu nədir, möcüzəmi baş verir? Direktordan heç nə soruşa bilmədim, o, liftlə aşağı düşdü. Qapısı açıq olan elmi katibliyə getdim. İçəri girən kimi elmi katib uca səslə dedi ki, təbrik edirəm, qəbul olmusan. Mən də soruşdum ki, bu, necə baş verdi? Elmi katib bildirdi ki, akademik Həmid Araslı imtahan verəcək iki nəfərdən fars dilindən imtahan götürəcəkdi. Onların cavablarını dinləyəndən sonra birinə üzünü tutaraq deyib ki, sən mənə xahiş elətdirmişdin ki, ona "iki" yazım. Sənin arzunu yerinə yetirirəm. Sonra da üzünü o birinə tutaraq deyib ki, oğul, sən də xahiş etdirmişdin ki, buna "iki" yazım, sənin də arzunu yerinə yetirirəm. Vəssalam! Onların hər ikisi xarici dildən "iki" aldıqları üçün sən qəbul olursan. Ürəyimdə Səttar müəllimin sözlərini təkrar etdim: "Oldu da, ay bala, gərək olmayaydı".

Amma aspiranturaya qəbul bununla qurtarmırdı. Bir mərhələ də vardı ki, ona "rəyasət heyəti" mərhələsi deyirdilər. O mərhələdə QB bütün aspirantları bir-bir dinləyir, onlara ixtisasları ilə bağlı suallar verir, müəyyən nəticəyə gəlirdi. QB, yəni Qasan Baqirovuç, yəni Həsən Abdullayev, o,  Akademiyanın prezidenti idi.

Hamı - institut direktorları, müavinlər, şöbə müdirləri, elmi rəhbərlər, aspiranturaya imtahan verənlər dairəvi zala toplaşmışdılar. Kimin adı çəkilirdisə, irəliyə çıxır, onun üçün nəzərdə tutulmuş kürsüyə yaxınlaşır. Ondan bir az kənarda isə direktor başqa bir kürsünün qarşısında dayanır. QB rəyasət heyətində bəzən əyləşərək, bəzən də ayaqüstə duraraq suallar verir, - öz aramızdır, daha çox ayaq üstə dayanırdı, - vəziyyətlə tanış olurdu. Kimya ixtisası üzrə aspiranturaya daxil olan Namiqə belə bir sual verdi: "Suyun neçə formulu var?" Namiq isə bir an belə gözləmədən söylədi ki, doqquz. Zalın bir tərəfindən gülüşmə səsi eşidildi, - yəqin onlar kimyaçı idilər, - zaldakıların əksəriyyəti də onlara baxıb gülüşdülər. Gülüşmə səngiyəndən sonra tam sakitlik yarandı. QB xeyli pauza verdi. Hamı nəsə olacağını gözləyirdi. Doğrudan da, oldu, QB gülüşün başladığı tərəfə üzünü tutub dedi: "Ayıb olsun sizə, suyun 9 formulu var". Zalda ağır bir sükut və təəccüb yarandı, hiss olunurdu ki, çoxları suyun 9 formulunun olmasını bilməməkdən başqa, heç ona inanmırdılar. Bu zaman QB Namiqə tərəf dönüb: "Qəbul olursan, gedə bilərsən", - dedi.

Universiteti fərqlənmə diplomu ilə təzəcə qurtarmış Nazilə ilə, - o, sonralar bizimlə qonşuluqda qalan Barat Nuriyevin həyat yoldaşıdır, - sual-cavab da maraqlı oldu. QB bir məsələ söyləyib ondan həllini soruşdu. Nazilə barmağı ilə havada nəsə yazmağa başladı. Onun havada yazı yazmağına hamı heyrətlə baxırdı. Bir dəqiqə keçməmiş Nazilə cavabı dedi. Zalda yenə sükut yarandı. Əslində, QB də xeyli fasilə verdi. Sonra direktora üzünü tutub dedi ki, xatırlayırsan, mən bu məsələni bir nəfər şöbə müdiri keçərkən ona vermişdim, həmin adam da bu məsələni həll edə bilmədi. Düşünürəm ki, bu qız ilyarıma, iki ilə dissertasiya müdafiə edəcəkdir. Direktor başını yuxarı-aşağı hərəkət etdirib "bəli, bəli" dedi. QB azca fasilə verib birdən səsini yuxarı qaldırdı: - "Yox, müdafiə eləyə bilməyəcək. Ona görə ki, siz və o şöbə müdiri qoymayacaqsınız". Zalın üstünə elə bil su ələdilər, heç kəsin cınqırı çıxmadı. Həm də insanların üzündə bir heyrət var idi. Sükutu yenə QB pozdu: "Gedə bilərsən, sən qəbul olursan".

Biologiya ixtisası üzrə aspiranturaya imtahan verən bir qızla bağlı isə qəribə hadisə baş verdi. Buna maraqlı, qeyri-adi, ya da tarixi hadisə demək olardı. Amma dəqiq hansını demək olardı, düzü, onu bilmirəm. Gənc qız 15 bal toplamışdı, yəni hər üç imtahandan "beş" almışdı. QB qızın adının və familiyasının təkrarlanmasını istədi. Təkrardan sonra ona da, zalda əyləşənlərə də açıq-aydın bəlli oldu ki, həmin qız nazirlərdən birinin övladıdır və üç "beş" alması da yəqin təbiidir. QB soruşdu ki, onun konkurenti olubmu? Dedilər ki, olub. Yenə soruşdu ki, konkurenti neçə bal yığıb? Dedilər ki, 14 bal. Xeyli düşündü və soruşdu ki, həmin qız harada yaşayır? Dedilər ki, Razın qəsəbəsində. Birbaşa göstəriş verdi ki, mənim maşınımla gedib onu evindən buraya gətirin. Hamı həmin qıza əlavə yer ayrılacağını düşünürdü. Təxminən bir-iki saatdan sonra məlumat verdilər ki, qızı gətirmişik. Qızı kürsüyə dəvət etdi və soruşdu ki, imtahandan neçə almısan? O da hansı fəndən neçə aldığını rus dilində dedi. Sonra soruşdu ki, adın, familiyan necədir? Səhv etmirəmsə, o da Olqa Timofeyevna, yaxud Timofeyeva dedi. QB bir az düşündü, sonra: "Qiymətlərin yaxşıdır, sən də qəbul olursan", - söylədi.

Zaldakı sükutu mənim ad-familiyamın çəkilməsi pozdu. Hamı kimi mən də aspirantlara aid olan kürsüyə yaxınlaşdım. QB-nin ilk sualı bu oldu ki, Cəfər Cabbarlıdan bir şeir de. Düzü, mən də çaşıb qaldım. Ağlıma gəldi ki, bəlkə, monoloq demək istəyir, axı Cabbarlı dramaturqdur. Ürəyimdən keçəni hiss edirmiş kimi direktor birdən yavaşca mənə pıçıldadı ki, "Şiş ucları buludlarla döyüşən, Dağlarında buzları var ölkəmin". O dəqiqə başa düşdüm ki, bu misralar Cabbarlının "Ölkəm" şeirindəndir və Azəf Zeynallı ona eyni adlı romans da yazıb. Bu barədə fikirləşirdim ki, birdən Cabbarlının "Ana" şeiri yadıma düşdü və qəribədir ki, həmin şeirdən yalnız bir bənd bilirdim:

Ana, ana, o adın qarşısında bir qultək,

Həmişə səcdədə olmaq mənə fəxarətdir.

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Son dərəcə ağır ahənglə həmin bəndi söylədim. Ona görə ağır ahənglə ki, vaxt getsin və digər bəndləri məndən soruşmasın. Bənd qurtaran kimi QB yavaşca əl çaldı, zal da ona qoşuldu. Bu alqışdan sonra öz-özümə fikirləşdim ki, daha mənimlə işi olmayacaq. Elə bu dəm mənə dedi ki, evimizi təmir elətdirirdim. Bir də gəlib gördüm ki, ustalar bütün kitablarımı alt-üst eləyiblər. Elə qarışdırıblar ki, heç nə tapmaq olmur. İndi evimiz təmirdən yenicə çıxıb, evə təzə kitab rəfi almışam. Səni bizə aparacağam. Kitabların arasındakı romanlardan yuxarıdan aşağıya doğru hansını birinci, hansını ikinci, hansını üçüncü gözdə yerləşdirəcəksən? Artıq sual mənə aydın idi. Əvvəlcə, elə düşünürdüm ki, məni evlərinə işləməyə aparacaq, sonra gördüm ki, yox, sual ciddi sualdır. Mən üç əsər seçib o dediyi qaydaya uyğun düzdüm. İndi xatırlayıram ki, axırıncı əsər povest idi. Ardınca başqa sual gəldi: "Bəs "Qılınc və qələm"i hara qoyacaqsan?" Məsələ xeyli ciddiləşdi. Qəfil ağlıma gələn fikri cəsarətlə dedim: "Həsən müəllim, mən rəfə müasir romanları düzmüşəm, əgər tarixi romanlardan söhbət gedirsə, onda "Qılınc və qələm"i rəfin lap üstünə qoyaram". O, yüngülvari gülümsədi və dedi: "Qəbul olursan, gedə bilərsən".

Bundan sonra həyatımın aspirantura illəri başladı. Həə, o da yadıma düşdü ki, bir il sonra kimyaçı Qafur aspirantura təhsilini yarımçıq qoyub öz rayonlarına - Astaraya getdi. İndi ondan heç bir xəbər yoxdur.

Kamran İmranoğlu (Əliyev),  AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

525-ci qəzet