Ukraynanın Yaremçe şəhərində “Orqanizmlərin eksperimental təkamülünün amilləri” mövzusunda XIII beynəlxalq konfrans keçirilib.
Tədbir N.İ.Vavilov adına Ukrayna Genetikləri və Seleksiyaçıları Cəmiyyəti, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Molekulyar Biologiya və Genetiklər İnstitutu və İvano-Frankovsk Milli Tibb Universitetinin Tibbi biologiya və tibbi genetika kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
UMEA-nın yaradılmasının 100 illiyinə həsr olunan konfransda ölkəmizi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Xloroplastların fotokimyası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov təmsil edib.
Azərbaycanlı alim tədbirdə “Natrium xlorid duzunun yumşaq buğda genotiplərinin morfoloji xüsusiyyətlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. İ.Əzizovun çıxışı konfransda təşkil olunan komissiya tərəfindən ən yaxşı məruzə kimi qiymətləndirilib və diploma layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.