Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.09.2018 11:07
  • A-
  • A
  • A+

Azərbaycan və Fransa arxeoloqlarının birgə əldə etdiyi nadir tapıntılar sərgilənəcək

Azərbaycan və Fransa arxeoloqlarının birgə əldə etdiyi nadir tapıntılar sərgilənəcək

Bu il Azərbaycan və Fransa arxeoloqlarının birgə əməkdaşlığının 10-cu ildönümü tamam olur. Bununla əlaqədar tezliklə Bakı şəhərində Fransanın Azərbaycandakı səfirliyinin, AMEA Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə hər iki ölkə arxeoloqlarının birgə tədqiqatlarının nəticələrini özündə əks etdirən sərginin təşkili  planlaşdırılır. Sərgidə 10 il ərzində hər iki ölkə arxeoloqlarının apardığı birgə arxeoloji qazıntılar nəticəsində əldə olunmuş, dünya arxeologiyası üçün mühüm əhəmiyyət kəsb edən nadir tapıntılar nümayiş etdiriləcək.

Hazırda hər iki ölkənin arxeoloqları Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi fondunda birgə tədqiqatlar nəticəsində aşkar edilmiş nadir tapıntıların sərgidə nümayişi üçün seçimini aparırlar. Bu prosesdə Fransanı uzun illər ərzində Azərbaycanda beynəlxalq ekspedisiyaların rəhbərliyində və tərkibində çalışmış tanınmış alimlər - Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin professoru Bertil Lyonet, həmin qurumun əməkdaşı, müasir arxeoloji tədqiqat texnologiyaları üzrə mütəxəssis Nikolas Gailhard və Lion 2 Lümyer Universitetinin Şərq arxeologiyası bölməsinin professoru Mişel Kazanova təmsil edirlər.   

M.Kazanovanın sözlərinə görə, 10 il ərzində fransalı arxeoloqlar azərbaycanlı həmkarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində müasir elmin tələblərinə uyğun  multidissiplinar tədqiqatları ehtiva edən arxeoloji qazıntılar aparıb, əldə edilmiş maddi-mədəniyyət nümunələri analizlər üçün dünyanın qabaqcıl laboratoriyalarına təqdim olunub. Eyni zamanda bəzi nümunələrin fransalı mütəxəssislər tərəfindən restavrasiyası aparılıb.  

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya İnstitutu və Lion 2 Lümyer Universiteti arasında 2017-ci ildə imzalanmış müqaviləyə əsasən sözügedən sərginin gələcəkdə Paris və Tbilisidə təşkil olunması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: