www.science.az
02.10.2018 12:21

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovla görüş keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Prezident təqaüdçüsü, tanınmış ictimai-siyasi xadim Ramiz Abutalıbovla görüş keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov R.Abutalıbovun Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərindən söz açıb. Alimin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərimizin həyat və fəaliyyətləri ilə bağlı geniş araşdırmalar apardığını, onun Cümhuriyyət tarixinin görkəmli tədqiqatçılarından olduğunu qeyd edib.

R.Hüseynov böyük alimin 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə Fransa prezidenti Jak Şirak tərəfindən bu ölkənin ən yüksək mükafatı olan “Fəxri Legion” ordeni ilə təltif edildiyini də diqqətə çatdırıb.

R.Abutalıbov səmimi görüşə görə akademik R.Hüseynova təşəkkürünü bildirib, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisi naminə mütəmadi olaraq görüşlərin, birgə konfransların təşkilində və elmi müzakirələrin aparılmasında maraqlı olduğunu bildirib.

Sonda R.Hüseynov qonağı cari ilin noyabr ayında Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçiriləcək “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfransa dəvət edib.

Qeyd edək ki, R.Abutalıbov Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə 6 oktyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.