Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının təqdimatı olub
03.10.2018 16:12
  • A-
  • A
  • A+

“Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının təqdimatı olub

Oktyabrın 3-də Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının (www.intangible.az) təqdimatı keçirilib.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək portalın yaradılmasının Azərbaycan hökumətinin UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsi olduğunu bildirib.

Nazir elektron portalın əhəmiyyətindən danışaraq bildirib ki, reyestrin yaradılmasında məqsəd ölkəmizin qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onları təbliğ etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaqdır. Dövlət Reyestrinin elektron portalı qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı ölkəmizin mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Portalda, həmçinin respublikamızın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da öz əksini tapıb.

Sonra nazirliyin sektor müdiri Yaşar Hüseynli çıxışında portal haqqında məlumat verərək reyestrin məlumat bazası “Əsas səhifə”, “Reyestr haqqında”, “Reyestr”, “Azərbaycan nümunələri UNESCO siyahılarında”, “Ermənistanın təcavüzü”, “Xəritə”, “Xəbərlər”, “Təkliflər” və “Əlaqə” bölmələrindən ibarət olduğunu söyləyib. Portalda ölkəmizin qeyri-maddi irs nümunələrinin diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrıldığını bildirib.

Qeyd edək ki, reyestrin hazırlanmasında Mədəniyyət Nazirliyi ilə yanaşı, AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutları, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər təşkilatlar yaxından iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: