www.science.az
08.10.2018 15:25

“Beynəlxalq terrorizm və onunla müasir şəraitdə mübarizə” mövzusunda konfrans keçirilib

Bu gün “Holiday İnn” otelində “Beynəlxalq terrorizm və onunla müasir şəraitdə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də Rusiya, Belarus, Ukrayna, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Yunanıstan və digər ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak ediblər.

İclası assosiasiyanın prezidenti, hüquq elmləri doktoru İlham Rəhimov açaraq beynəlxalq terrorizmin yalnız ayrı-ayrı dövlətlərə qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə meydan oxuyan təhlükə olduğunu bildirib. O, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəminə toxunub, bu məsələdə hüquqşünasların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.

İ.Rəhimov sonra rəhbərlik etdiyi qurumun 2017-2018-ci illərdəki fəaliyyətinə dair konfrans iştirakçılarına məlumat verib.

Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə çıxış edərək terrorizmin XX əsrin ikinci yarısı - XXI əsrin birinci hissəsinin başlıca problemlərindən biri olduğunu söyləyib. O, sözügedən problemlə mübarizə aparmağın çətin olduğunu və Azərbaycanın 30 ilə yaxındır terrorizm təhlükəsinə məruz qaldığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub, 1 milyona yaxın soydaşımız yurd-yuvalarından didərgin salınıb, minlərlə vətəndaşımız əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb. A.Mustafazadə Dağlıq Qarabağ münaqişəsilə bağlı BMT-nin 4 qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi sənədlərin qəbul olunduğunu, lakin Ermənistanın bunların heç birinə məhəl qoymadığını söyləyib.

Alim daha sonra kiberterrorizmdən danışıb. O, terrorizmin bu müasir növünə nəzarət edilməsinin həddindən artıq çətin olduğunu söyləyib, terrorçular tərəfindən internet vasitəsilə insanlara psixoloji təsirlərin edildiyini bildirib. Qeyd edib ki, kibercinayətkarlar dünyanın istənilən nöqtəsində sıravi insanların bank hesablarını ələ keçirərək geniş kapital toplayır və bu pulların bir qismini terror şəbəkələrinə yönləndirirlər.

A.Mustafazadə 2001-ci ildə Avropa Birliyi tərəfindən kiberterrorizmə qarşı beynəlxalq konvensiyanın qəbul olunduğunu və Azərbaycanın bu sənədə 2008-ci ildən qoşulduğunu vurğulayıb. Azərbaycanda kiberterrorizmə qarşı bir çox addımların atıldığını xatırladan alim bildirib ki, son illərdə Cinayət Məcəlləsinə bununla bağlı yeni maddələr əlavə olunub, həmçinin AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kiberhücumlara qarşı mübarizə sərtləşdirilib.

İnstitut direktoru konfransda iştirak edən hüquq elminin aparıcı mütəxəssislərinin kiberterrorizmə qarşı mübarizədə yeni yollar tapacağına inandığını bildirib.

Sonra Bolqarıstanın "Slavyani" Fondunun sədri, professor Zaxari Zaxariyev, Serbiya Ticarət Palatası nəzdində arbitraj sədrinin müavini Aleksandr Çiriç, rusiyalı hüquqşünas, professor Yuriy Qolik, yunan hüquqşünas Yoanis Rahiotis və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Tədbir çərçivəsində, həmçinin assosiasiyaya yeni üzvlərin qəbulu ilə bağlı təkliflər dinlənilib, qurumun 2018-2019-cu illər üçün fəaliyyət planı təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.