Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2018 16:51
  • A-
  • A
  • A+

"Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib

"Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, AMEA Tarix İnstitutunun dəstəyi ilə fondun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində "dəyirmi masa" keçirilib.

Bilik Fondunun və Tarix İnstitutunun əməkdaşları, eləcə də Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin tarix müəllimləri, "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri və digər şəxslərin iştirak etdiyi tədbir Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərəncamı çərçivəsində baş tutub.

İclası Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq əvvəlcə rəhbərlik etdiyi qurum barədə iştirakçılara məlumat verib. Bildirib ki, fond ölkə başçısının 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılıb və əsas vəzifəsi respublika əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirməkdir.

O.Səmədov AR Təhsil Nazirliyi ilə AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, elm adamları ilə orta məktəb müəllimlərinin, şagirdlərin mütəmadi görüşlərinin keçirildiyini, elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. O, bugünkü tədbirin artıq ənənə halını aldığını, bundan öncə isə coğrafiya və ədəbiyyat müəllimləri ilə görüşlərin təşkil olunduğunu diqqətə çatdırıb.

"Dəyirmi masa"nın mövzusunun önəminə toxunan alim cari ilin Bilik Günündə respublikanın orta ümumtəhsil məktəblərində fondun əməkdaşları tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli" ilə bağlı 130-a yaxın mühazirənin keçirildiyini vurğulayıb.

İcraçı direktor 2018-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlində "Cümhuriyyət İli" çərçivəsində Azərbaycanın 63 orta ümumtəhsil məktəbi, həmçinin Rusiya, Gürcüstan və Türkiyə ilə qardaşlaşmış məktəblərin şagirdlərinin iştirakı ilə respublikada arxeoloji turun təşkil olunacağı barədə məlumat verib.

Sonra Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun "Cümhuriyyət tariximiz məktəbli auditoriyasında" mövzusunda məruzəsi dinlənilib. Alim AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini və ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını söyləyib. C.Bəhramov AXC-nin çox gərgin siyasi bir dövrdə yarandığını, dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyini diqqətə çatdırıb.

O, bu illərdə ermənilərin məqsədli şəkildə aktivləşdirildiyini, Şimali və Cənubi Azərbaycanda məqsədyönlü şəkildə kütləvi qırğınların həyata keçirildiyini deyib.

Tarixçi alim AXC-nin mövcud olduğu 23 ay ərzində xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslandığını, irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdığını bildirib.

C.Bəhramov Tarix İnstitutunun əməkdaşlarının 1945-ci ildən bu günə kimi AXC ilə bağlı sistematik tədqiqatlar apardığını və ölkəmizin bu dövr tarixinin saxtalaşdırılmasının, məhv edilməsinin qarşısının alındığını vurğulayıb. O, son illərdə dünyanın bir çox yerindən Azərbaycanla bağlı məlumatların ölkəmizə gətirildiyini, bu sənədlər əsasında İrəvan xanlığının tarixi Azərbaycan torpağı olmasının növbəti dəfə təsdiqini tapdığını qeyd edib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Daha sonra "dəyirmi masa" iştirakçıları tarix fənninin tədrisi ilə bağlı keçirilən anket sorğusunu cavablandırıblar.

Tədbir çərçivəsində, həmçinin cümhuriyyət tariximizi əks etdirən yeni nəşrlər nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: