Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ümumi yerşünaslıq” adlı dərs vəsaitinin təqdimatı keçirilib
15.10.2018 17:02
  • A-
  • A
  • A+

“Ümumi yerşünaslıq” adlı dərs vəsaitinin təqdimatı keçirilib

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazərin müəllifi olduğu “Ümumi yerşünaslıq” adlı dərs vəsaitinin (rus dilində) təqdimatı keçirilib.

Kitabın baş elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovdur.

Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbiri R.Məmmədov açaraq bildirib ki, kitabda ümumi yerşünaslığın predmeti, obyekti və vəzifələri nəzərdən keçirilir, yer kürəsinin daxili quruluşu, geosferin xüsusiyyətləri haqqında məlumat verilir.

R.Məmmədov vəsaitdə, o cümlədən Günəş sisteminin yaranması, litosfer, iqlim, iqlim yaradan amillər, yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında məlumatın oxucuya təqdim olunduğunu söyləyib.

Ali təhsil müəssisələrində yerşünaslıq fənninin ötən əsrdə işıq üzü görmüş dərsliklər əsasında tədris edildiyini deyən akademik kitabın tələbə və magistrantlar üçün faydalı olacağını diqqətə çatdırıb.

Sonra S.Tarixazər çıxış edərək bildirib ki, sözügedən kitab coğrafiyanın öyrənilməsinə sistemli yanaşma baxımından ali məktəblər üçün ilk tədris vəsaitidir. Alim 10 ilə başa gələn vəsaitdə ən son məlumatların toplandığını, yeni coğrafi anlayış və terminlərin izahının verildiyini söyləyib.

Tədbirdə, həmçinin coğrafiya üzrə fəlsəfə doktorları - Habil Haqverdiyev, Aydın Səfərov, aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev və digərləri çıxış edərək dərs vəsaitinin çapının əhəmiyyətinə toxunub, onun Azərbaycan dilinə tərcüməsinin vacibliyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: