Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib
19.10.2018 09:24
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib

Məlum olduğu kimi, Andrey Petrov Fondunun və Sankt-Peterburq Şəhər Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə 1994-cü ildən başlayaraq, hər iki ildən bir Rusiyanın Sankt-Peterbur şəhərində bəstəkarlar arasında simfonik orkestr üçün ən yaxşı əsər üzrə müsabiqə keçirilir.

Bu il Andrey Petrov adına Bəstəkarların XII Beynəlxalq müsabiqəsinin final gecəsi Şostakoviç adına Sankt-Peterburq Dövlət Filarmoniyasının böyük salonunda təşkil olunub.

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə artiq üçüncü dəfədir bu nüfuzlu müsabiqənin A.Knayfel, A.Desyatnikov, P.Karmanov, F.Lednev, N.Xruşşeva, Dm.Yanov-Yanovski kimi tanınmış musiqiçilərdən təşkil olunan münsiflər heyətinə rəhbərlik edir.

Bu mərhələdə müsabiqəyə təqdim edilmiş 107 əsərdən 6-sı səsləndirilib.

Final mərhələsinin konsertindən sonra çıxış edən münsiflər heyətinin sədri F.Əlizadə Rusiya və Azərbaycanın bəstəkarlıq məktəblərinin dərin köklərə malik yaradıcılıq əlaqələrindən bəhs edib. O, səslənmiş əsərlər haqqında danışaraq, gənc bəstəkarlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Bağlanış gecəsinin sonunda qaliblər elan edilib, müsabiqənin laureatlarına mükafatlar təqdim olunub. 

Rusiyanın “Kultura” kanalında konsertdən kadrlar, həmçinin F. Əlizadənin geniş müsahibəsi yayımlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: